Xarici dövlətlərin diplomatları və hərbi nümayəndələri Azərbaycanın Qarabağ iqtisadi rayonunda işğaldan azad edilmiş Ağdam şəhərinə səfər ediblər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara Ağdam-Xankəndi avtomobil yolunun və tikilməkdə olan Bərdə-Ağdam dəmir yolunun potensialı barədə məlumat verib.
“Biz diplomatik korpusla Ağdam-Xankəndi avtomobil yolunun və dəmir yolunun girişindəyik. Təkcə avtomobil yolunun ötürmə qabiliyyəti sutkada 17 min avtomobil təşkil edir. Azərbaycan Qarabağın erməni sakinlərinin reinteqrasiyası üçün divar yox, yollar çəkir, lakin onlar bloklar və sədlər qoyurlar”, - Hikmət Hacıyev bildirib.
H.Hacıyev bildirib ki, sovetlər dövründə Ağdam-Xankəndi yolundan coğrafi-nəqliyyat baxımından ən əlverişli və səmərəli yol kimi istifadə olunurdu: “Çünki nəqliyyat xərclərini azaldan bu yol və Qarabağ ermənilərinə lazım olan hər şeyi bu yolla rahat şəkildə çatdırmaq olar. Yol. Eyni zamanda, bu yoldan istifadə edərək, öz məhsullarını Azərbaycan bazarlarına çıxarmaq imkanı əldə edəcəklər. Lakin bu yoldan istifadə etmək əvəzinə, ona maneələr yaratmaqla, siyasi təbliğat məqsədilə istifadə etməklə məşğuldurlar.
Azərbaycanın təklifi ondan ibarətdir ki, bu yol Qarabağ ermənilərinin Azərbaycanın siyasi, iqtisadi və sosial sferasına reinteqrasiyasının başlanğıc nöqtəsinə çevrilməlidir. Təəssüf ki, bundan imtina edirlər. Gördüyünüz kimi, dəmir yolu da buradan keçir. Bütün bunlar həqiqətən də onların həyatını asanlaşdırmaq, məsələni siyasi yolla həll etmək, daha yaxşı iqtisadi və sosial imkanlar yaratmaq üçün edilir. Təəssüf ki, istifadə olunmaması üçün yolun o başında maneələr qoyublar”, - Hacıyev bildirib.
Xatırladaq ki, Azərbaycan Ermənistan tərəfinə Qarabağın Bakının nəzarətində olmayan hissəsinə humanitar yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif etmişdi. Diplomatik mənbələrdən verilən məlumata görə, erməni tərəfi bu yoldan istifadə etməkdən əvvəl razılaşıb, sonra isə imtina edib.
Əlavə edirik ki, avqustun əvvəlində “Azərbaycan Dəmir Yolları” QSC Bərdə-Ağdam dəmir yolunun 70 faiz çəkildiyini bildirmişdi. Bərdə ilə Ağdamı birləşdirən dəmir yolunun tikintisinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.