"NATO və Qərbin Ukraynaya dəstək nümayiş etdirməsinə baxmayaraq, pərdəarxasında konflikti necə sona çatdırmaq barədə düşünürlər. Qərbdə bu mövzu ilə bağlı narahatlıqlar artır".
Bu barədə hərbi ekspert Sin Bell Britaniyanın "Sky News" nəşrində dərc olunmuş məqaləsində yazıb.
O bildirib ki, Ukraynanın çoxdan gözlənilən yaz əks-hücum əməliyyatı artıq 10-cu həftəsindədir:
"Prezident Volodimir Zelenskinin fikrinə görə, əks-hücum əməliyyatları ancaq Qərbin silah tədarükündən asılıdır. O bildirir ki, silahlar verilərsə, əks-hücum əməliyyatları davam edəcək. Ukrayna yaz hücumuna iyunun əvvəlində başlayıb. Bəzi şiddətli döyüşlərə baxmayaraq, Rusiyanın istehkamları hələ də möhkəmdir. Halbuki Prezident Zelenski üçün uğurun göstəricisi azad edilən torpaqlardır".
Məqalədə əks-hücum əməliyyatlarının ləng davam etdiyinə diqqət çəkilib:
"Ukraynanın mübarizəni davam etdirmək əzmi başadüşüləndir - bu, hər şeydən əvvəl, onların müharibəsidir. Lakin Qərb liderləri artıq savaşın perspektivini müzakirə etməyə, bundan sonra nələr olacağı barədə düşünməyə başlayıblar. Qərb deyir ki, nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcək. Lakin Qərbin silah ehtiyatları da azalır. Qərb Ukraynaya dəstəyi davam etdirmək üçün məhdud imkanlara malikdir".Qeyd edək ki, son günlər Ukrayna ilə NATO arasında gərginlik yaranıb. NATO nümayəndəsi Stian Yenssen daha əvvəl demişdi ki, Ukrayna Alyansa üzvlük müqabilində torpaq güzəştinə getməlidir. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak və xarici işlər naziri Dmitro Kuleba bu təklifə kəskin münasibət bildiriblər və müharibənin davam edəcəyini söyləyiblər.
NATO Baş katibi Yens Stoltenberq isə rəsmi Kiyevin mövqeyini dəstəklədiyini bildirib.
Bir çox ekspertin fikrincə, Qərb Ukraynanı yarıyolda qoymağa hazırlaşır.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatlarına start verib.
"Report"
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.