Dövlət başçımızın təşəbbüsü ilə Zəngilandan keçən logistik layihələr xüsusi strateji əhəmiyyət kəsb edir.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi müəyyən olunub. Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il oktyabrın 30-da işğal olunmuş Zəngilan rayonu həmin tarixə qədər 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayon əhalisinin sayı 45 min nəfərdən çox olub. İşğaldan sonra bütün bu insanlar məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıblar. Rayon iqtisadiyyatının əsasını təşkil edən 29 kolxoz-sovxoz, 1 arıçılıq təsərrüfatı, 4 kooperativ və 3 kəndli-fermer təsərrüfatının maddi-texniki bazası işğal dövründə tamamilə dağıdılaraq talan edilmişdir. Rayon ərazisində olan zəngin təbii resurslar – qiymətli ağac növləri, tikinti daşı, qara mərmər, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı, qızıl və molibden yataqları da işğal dövründə erməni qəsbkarları tərəfindən qeyri-qanuni istismar olunmuşdur.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə başladığı Vətən müharibəsinin gedişində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyat başlandı. Bundan cəmi iki gün sonra, oktyabrın 20-də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə bağlı ən mühüm məqamlardan biri də budur ki, həmin əməliyyat nəticəsində Azərbaycan-İran sərhədi də tam bərpa edildi. İşğal dövründə ermənilərin öz çirkin məqsədləri üçün istifadə etdikləri 132 kilometrlik sərhəd zonası yenidən Azərbaycanın nəzarətinə keçdi və bu, əlbəttəki çox böyük nailiyyətdir. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçımızın sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu gün Zəngilan özünün yeni inkişaf dövrünü yaşayır. Rayonda yenidənqurma işləri sürətlə davam edir. Cənab Prezident İlham Əliyevin 2020-ci ilin dekabr ayının 23-də Zəngilan şəhərində Azərbaycan bayrağını ucaltdığı gündən sonra dəfələrlə bu rayona etdiyi səfərlər burada aparılan işlərin dövlət başçımızın xüsusi nəzarətində olduğundan xəbər verir. Bu səfərlər zamanı Azərbaycan Prezidentinin şəxsən iştirak etdiyi çoxsaylı təməlqoyma və açılış mərasimləri də görülən işlərin böyük miqyasına və yüksək dinamikasına əyani sübutdur. Təsadüfi deyil ki, “Böyük qayıdış” proqramının ilk pilot layihəsi də məhz Zəngilanın Ağalı kəndində icra edildi. Hazırda Zəngilandan keçən logistik layihələr xüsusi strateji əhəmiyyət kəsb edir. O cümlədən Horadiz-Zəngilan-Ağbənd dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Bir il bundan öncə açılışı olmuş Zəngilan hava limanı isə bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün güclü zəmin yaradıb. Bu il sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi bir çox aspektlərdən mühüm əhəmiyyət kəsb edən hadisədir və bölgənin beynəlxalq statusunun durmadan yüksəldiyini göstərir. Qeyd edək ki, Azərbaycan ev sahibliyi etdiyi bu beynəlxalq Forumu artıq ikinci dəfədir ki, məhz işğaldan azad edilmiş şəhərlərimizdə keçirir. Ötən il 1-ci Şəhərsalma Forumu Ağdam şəhərində təşkil olunmuşdu. Bu il isə, estafeti artıq Zəngilan qəbul edib. Bununla Azərbaycan bütün dünya ictimaiyyətinə işğaldan azad edilmiş və əbədi qayıtdığımız torpaqlarda həyatın necə sürətlə dəyişdiyini, canlandığını, bu ərazilərdə gedən yenidənqurma işlərinin vüsətini bir daha əyani şəkildə nümayiş etdirir.
Rusif Kərimov,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.