Xətai qətli ilə bağlı yeni detallar

Cinayətkar birlik yaratmaqda şübhəli bilinən 11 nəfər həbs edilib
Paytaxtın Xətai rayonunda 43 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı 11 nəfər həbs olunub.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında bildirilib ki, hadisə oktyabrın 23-də gecə saatlarında General Şıxlinski küçəsində yerləşən restoranlardan birində qeydə alınıb. C.Mirağayev bıçaq xəsarətləri nəticəsində həyatını itirib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən edilən Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu, Xəyyam Səfixanov, Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.
Rəsmi məlumatda həmin şəxslərin qanunsuz fəaliyyətlə məşğul olmaq, hədə-qorxu ilə pul tələb etmək və kriminal dairələrdə nüfuz qazanmaq məqsədilə cinayətkar birlik yaratdıqları və ya onun fəaliyyətində iştirak etdikləri barədə məlumat verilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Araşdırmalar çərçivəsində saxlanılan şəxslərin əməlləri, cinayətkar birliyin fəaliyyət istiqamətləri və əlaqələri müəyyənləşdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.