AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mühafizə zonasında fərdi yaşayış evlərinin tikintisinin qarşısı alınıb

  • + A
  • - A
  • 2-03-2022, 15:57

    Mühafizə zonasında fərdi yaşayış evlərinin tikintisinin qarşısı alınıb

    İçməli və tullantı su xətlərinin mühafizə zonalarının zəbt edilməsi yolverilməzdir və belə hallar gələcəkdə magistral kəmərlərin istismarında ciddi problemlər yaradır. Abşeron yarımadasının şərq hissəsinin içməli su təchizatında mühüm əhəmiyyətə malik Ceyranbatan-Zirə magistral kəmərinin Məhəmmədi qəsəbəsindən keçən hissəsində kəmərin mühafizə zonasında fərdi yaşayış evlərinin tikintisinin qarşısı alınıb.
    Kommunikasiya sistemlərinin mühafizə zonaları təftiş edilərkən Ceyranbatan-Zirə magistral su kəmərinin üzərində qanunsuz tikilmiş 2 fərdi yaşayış evi aşkarlanıb. Ev sahibləri ilə söhbət aparılarkən məlum olub ki, həmin vətəndaşlar torpaq sahəsini vasitəçidən alıblar və torpağın həmin şəxslərə məxsus olmasını sübut edən heç bir sənəd yoxdur. Sakinlərin diqqətinə çatdırılıb ki, ərazidən keçən 1400 mm diametrli magistral su kəməri yüksək təzyiqlidir və Abşeron yarımadasının şərq hissəsində yaşayış məntəqələrini içməli su ilə təmin edir. Bu kəmərin mühafizə zonasında hər hansı fərdi tikilinin mövcudluğu gələcəkdə baş verə biləcək qəzalar zamanı texnikaların sərbəst işləməsinə çətinliklər yaradacaq və hətta bəzi hallarda həmin tikililərin sökülməsi zərurəti yaranacaq. Magistral kəmərdə təzyiqin yüksək olması qəza hallarında insan həyatı üçün də ciddi təhlükə yarada bilər. Bu baxımdan kəmərin üzərində və mühafizə zonasında hər hansı tikintinin aparılması qadağandır.
    Təftiş işləri zamanı o da məlum olub ki, həmin qanunsuz tikililər Böyükşor gölündə su səviyyəsinin tənzimlənməsi məqsədilə inşa edilmiş nasos stansiyasının daşıyıcı kollektoru üzərində yerləşir. Ev sahiblərinin diqqətinə çatdırılıb ki, yüksəktəzyiqli magistral kəmər üzərində fərdi yaşayış evlərinin mövcudluğu təhlükəlidir və mühafizə zolağı boşaldılmalıdır.
    Abşeron rayonu ərazisində, Bakı-Şamaxı yolunun yaxınlığında qeyri-yaşayış obyektinin qanunsuz olaraq tullantı su xəttinə qoşulduğu aşkar edilib. Obyekt sahibi texniki şərt almadan 300 mm diametrli borularla 150 metr uzunluğunda kanalizasiya xətti çəkərək qanunsuz olaraq yaxınlıqdakı kanalizasiya baxış quyusuna birləşmə edib. Akt tərtib olunaraq qanunsuz çəkilmiş kanalizasiya xətti ləğv edilib.
    “Azərsu” ASC vətəndaşları və sahibkarları bu cür əməllərdən çəkinməyə çağırır və bildirir ki, magistral su xətlərinin, anbarların və digər hidrotexniki qurğuların mühafizə zonasında fərdi yaşayış evlərinin və obyektlərin tikintisi qadağandır. Vətəndaşlar və sahibkarlar fərdi yaşayış və obyekt üçün torpaq alarkən həmin ərazidə kommunikasiya sistemlərinin olub-olmamasını dəqiqləşdirmək üçün müvafiq qurumlardan rəy almalıdır. Eyni zamanda içməli su və kanalizasiya şəbəkələrinə qanunsuz qoşulma yolverilməzdir və xidmətlərdən yararlanmaq üçün mütləq texniki şərt alınmalıdır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR