Politico: Aİ Ukraynanın üzvlüyü ilə bağlı danışıqlar üçün ehtiyatlı plan hazırlayır

Avropa İttifaqı (Aİ) Ukraynanın quruma üzvlüyü ilə bağlı danışıqların daha ehtiyatlı şəkildə aparılmasını nəzərdə tutan yeni yol xəritəsi hazırlayır. Təklif olunan sənəddə Ukraynanın Aİ-yə tamhüquqlu üzvlüyü üçün konkret tarix müəyyən edilmir.
Bu barədə noyabrın 4-də “Politico” nəşri Avropa İttifaqının müvafiq sənədinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlük danışıqları üçün daha ehtiyatlı yol xəritəsi üzərində işləyir. Sənəd 2027-ci ilədək danışıqların irəliləməsi üçün müəyyən hədəfləri nəzərdə tutsa da, üzvlüyün başa çatdırılması ilə bağlı konkret müddət və öhdəliklər müəyyən etmir.
Təklif olunan yol xəritəsində Ukrayna hakimiyyətindən xüsusilə qanunun aliliyinin təmin edilməsi ilə bağlı islahatların sürətləndirilməsi tələb olunur. Sənədə əsasən, bu sahədə əsas tələblərin 2027-ci ilin birinci yarısında yerinə yetirilməsi bir sıra istiqamətlər üzrə danışıqların ilkin mərhələdə başa çatdırılması üçün zəruri şərt olacaq.
Məlumata görə, 2027-ci ilin ilk yarısında təhsil və mədəniyyət məsələlərinə diqqət yetiriləcək. İlin ikinci yarısında isə intellektual mülkiyyət, məşğulluq və sosial siyasət, sənaye, elm, eləcə də xarici siyasət və təhlükəsizlik sahələri üzrə danışıqlar aparılacaq.
“Politico”nun yazdığına görə, Avropa Komissiyası 2026-cı ilin sonunadək Ukraynanın Aİ-yə üzvlük prosesi çərçivəsində daha əvvəl dayandırılmış iki istiqamət üzrə danışıqları bərpa etməyi planlaşdırır.
Həmin istiqamətlər ətraf mühit və dayanıqlı əlaqəlilik, həmçinin resurslar, kənd təsərrüfatı və regional uyğunlaşma məsələlərini əhatə edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.