Neftin qiyməti Azərbaycan üçün kritik həddə - SOS!
Dünya bazarında neftin qiyməti ötən gün artdıqdan sonra yenidən azalıb.
Bakı vaxtı ilə saat 13.25-ə olan məlumata görə, “Brent” markalı neftin qiyməti fevraldakı səviyyəsinə nisbətən 3,86 faiz azalaraq 55,03 dollara, “WTI” markalı neftin qiyməti isə Nyu York birjasında 4,32 faiz azalaraq 46,09 dollara düşüb.
Əvvəlki hərracdakı 5 faizlik azalmadan sonra ötən gün hər iki marka neft orta hesabla 3 faiz bahalaşmışdı. Pakistanlı iqtisadi təhlilçi Malik Əyub Sumbal “Report”a bildirib ki, neftin qiymətinin kəskin azalması Səudiyyə Ərəbistanının rekord həcmdə xam neft ixrac etməsi ilə bağlıdır: “Birləşmiş Ştatlar prezident Donald Trampın siyasəti üçün sərfəli olduğundan qiymətləri aşağı həddə saxlamaq məqsədi ilə Səudiyyə Ərəbistanının neft ixracını artırması üçün təzyiq göstərir. OPEC ölkələri ilin sonunda hasilatı azaltmağa razılıq versə də, Səudiyyə Ərəbistanının dünya bazarında neft bolluğu yaratması qiymətlərin aşağı həddə qalmasında mühüm rol oynayıb”.
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih isə bildirib ki, OPEC+ çərçivəsində verilən qərar sayəsində bazarda sabitlik əldə edilib. Onun fikrincə, neftin bir barelinin 57 dollaradək ucuzlaşması geosiyasi amillərin də nəticəsi olan ötəri möhtəkirlik halları ilə bağlıdır: “Hazırda neft bazarında baş verənlər, sadəcə, gözləmək zərurəti yaradır. İndi neft bir çox ikinci dərəcəli amil və proseslərin təsiri altındadır. Bunlar arasında İran neftinin ixracına razılıq verilməsi, ABŞ ilə Çinin ticarət ziddiyyətləri də var. Həmçinin bir çox spekulyativ məqamlar da var, sərmayəçilər neftlə bağlı mövqelərindən çəkilir. Biz OPEC+ çərçivəsində bunlara o qədər də əhəmiyyət vermirik, başlıca meylləri izləyirik. 2019-cu ildə bazarda tarazlığı bərpa edəcəyimizə qəti şəkildə əminəm”, - deyə vurğulayan nazir gələn ilin I rübünün sonunadək neft ehtiyatlarının azalacağını diqqətə çatdırıb.
Xatırladaq ki, OPEC və başlıca neft istehsalçısı olan qeyri-OPEC ölkələri dekabrın 7-də ABŞ-da hasilatın artması və İrana qarşı neft sanksiyalarındakı yumşalma nəticəsində ifrat təklif bolluğuna yol verməmək üçün gündəlik hasilatı oktyabr ayının səviyyəsinə nisbətən 1,2 milyon barel azaltmaq barədə razılığa gəlmişdilər.
Onu da qeyd edək ki, dünya neft bazarındakı proseslər hasilatçı ölkələrdə diqqətlə izlənilir. Hər bir ölkə özü üçün məqbul qiymət aralığını müəyyənləşdirməyə çalışır. Rusiya neft hasilatçıları və rəhbərliyi tərəfindən verilən açıqlamalardan aydın olur ki, neftin 60 dollar qiyməti bu ölkə üçün ən məqbul variant hesab edilir. ABŞ üçünsə məqbul qiymət olaraq 50 dolların altında olan səviyyə qeyd edilir. Buna görə də prezident Tramp neftin 50 dollardan yuxarı satılmasını “ədalətsiz və süni qiymət” adlandırıb.
Azərbaycan üçün neftin hansı qiyməti məqbul hesab oluna bilər? Dünya bazarındakı hansı qiymət ölkə iqtisadiyyatı üçün kritikdir? Sualı cavablandıran iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, OPEK və OPEK+ qərarına rəğmən, neftin dünya bazar qiymətinin enməsi əsasən ABŞ-da hasilatın artması ilə bağlıdır: “OPEK + qərarının bazara real təsiri hələ 2019-cu ilin martından başlaya bilər. Çünki indiki hasilatın azaldılması tədricən baş verəcək. Bundan əlavə, ABŞ bazara neft təklifini durmadan artırır. Yəni təklif bolluğu var və bu, ən azı marta qədər davam edəcək. Digər tərəfdən, beynəlxalq analitik mərkəzlərin dünya iqtisadiyyatı, dünyada gözlənilən iqtisadi artımla bağlı proqnozları getdikcə bədbinləşir. Bu isə dünyada neftə tələbin getdikcə azalacağını göstərir”.
Ekspertin sözlərinə görə, Azərbaycan üçün neftin qiyməti çox vacib amildir: “Azərbaycan ixracatının 82 faizi xam neftdir, 90 faizi neft və neft məhsullarıdır. Ölkəyə daxil olan hər 100 dollardan 82 dolları xam neft ixracatından əldə olunur. Hələ 2019-cu ilin büdcəsi açıqlananda biz bildirmişdik ki, neftin dünya bazar qiymətinin 60 dollardan hesablanması çox riskli addımdır. Bizimlə təxminən eyni vəziyyətdə olan ölkələrdə - Rusiya, Qazaxıstan və sair - büdcə neftin 40-50 dollar qiyməti ilə hesablanıb. Bu baxımdan, neftin 60 dollardan aşağı qiyməti Azərbaycan üçün fiskal baxımdan arzuolunan deyil. Baxmayaraq ki, büdcə gəlirlərinin 50 faizə qədəri Dövlət Neft Fondundan transfertlər olacaq, qalan hissənin təminatı da neftin qiymətindən çox asılıdır. Bu baxımdan, qiymət 60 dollardan aşağıya doğru daha kəskin fərqlənsə büdcə üçün ciddi problemlər yaradacaq. Mərkəzi Bank bir müddət əvvəl bəyan etmişdi ki, onun üçün qırmızı dəhliz neftin 50 dollar və ondan aşağı qiymət intervalıdır. Bu o deməkdir ki, 50 dollardan aşağı qiymətin valyuta bazarına ciddi təsirləri olacaq. Ona görə də qiymət azalmaları fiskal və məzənnə baxımından Azərbaycan üçün arzuolunan deyil”.
“Yeni Müsavat”