AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdamın quruculuğu sürətli və əzəmətlidir

  • + A
  • - A
  • Bu gün, 11:00

    Ağdamın quruculuğu sürətli və əzəmətlidir

    Xanlar Fətiyev,
    Milli Məclisin deputatı

    2020-ci il noyabr ayının 20-də işğaldan azad edilən rayonlarımızın sırasına biri də əlavə olundu. Ərazisinə görə olduqca strateji coğrafiyada yerləşən Ağdam rayonu həmin gün ordumuzun nəzarətinə keçdi. Ağdamın işğaldan azad edilməsi Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycanın növbəti hərbi-siyasi qələbəsi oldu. 20 noyabr tarixi isə təqvimə Ağdam şəhəri günü kimi həkk edildi.

    Ağdamın 1993-cü ildə işğala məruz qalması AXC-Müsavat cütlüyünün yarıtmaz iqtidarının fəaliyyətinin məntiqi nəticəsi idi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq vətəndaşımız şəhid olmuş, minlərlə insan yaralanmış, 128 min nəfər rayon sakini məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdu. BMT-nin Təhlükəsizlik Şurası tərəfidən 1993-cü il 29 iyul tarixində qəbul olunmuş 853 saylı qətnamədə Ağdamın işğalı pislənilmiş, işğalçı qüvvələrin Ağdam rayonu və digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilmişdi. Lakin bildiyimiz kimi, Ermənistan digər qətnamələr kimi 853 saylı qətnamənin də tələblərini yerinə yetirməkdən yayındı. ATƏT-in Minsk qrupu isə bu tələbi yerinə yetirməsi üçün işğalçıya heç bir təzyiq göstərmədi. Əksinə, öz fəaliyyəti ilə işğalın davamına və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına çalışdı.
    Azərbaycan ictimaiyyəti əmin idi ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi, cənab Prezident İlham Əliyevin uğurla və qətiyyətlə davam etdirdiyi siyasi kursun nəticəsi olaraq, günlərin birində torpaqlarımız, o cümlədən bir vaxtlar yalnız Qarabağ bölgəsinin deyil, bütün Azərbaycanın inkişaf etmiş rayonlarından olan Ağdam işğaldan azad ediləcək. Xalqımızın bu əminliyi 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə həyata vəsiqə aldı. Vətən müharibəsindəki qələbəmizin siyasi-hüquqi təsdiqi olan 10 noyabr Üçtərəfli bəyanatının şərtlərinə əsasən, 2020-ci il noyabr ayının 20-də Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi. 27 illik işğaldan sonra Ağdam öz azadlığına və əzəli sahiblərinə qovuşdu.

    Ağdamın azad edilməsindən sonra məlum oldu ki, işğal dövründə ermənilər ən böyük vandallıqlarından birini məhz burada törədiblər. Ağdam şəhərindən əsər-əlamət qalmamışdı. Şəhərdə qismən salamat vəziyyətdə saxlanılan məsciddən isə düşmən hərbi məqsədlər üçün istifadə etmişdi. Ermənilər burada xalqımızın tarixi və mədəni irsinə də qənim kəsilmiş, Şahbulaq qalasını erməniləşdirməyə çalışmış, amma nail ola bilməmişdilər.
    İşğaldan azad edilməsidən Ağdama ilk səfəri zamanı Prezident İlham Əliyev demişdi.
    «Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik».

    Ötən 5 ildə Ağdam şəhərində və bütövlükdə rayon ərazisində həyata keçirilən bərpa və quruculuq işləri Prezident İlham Əliyevin bu sözlərinin sürətlə həyata vəsiqə aldığını göstərir. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilər üzrə ilk olaraq Ağdam şəhərinin Baş planı təsdiq olunub. Prezident İlham Əliyev 2021-ci il may ayının 28-də Ağdam şəhərinin bərpasının təməl daşını qoyub. O cümlədən həmin gün Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının, Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməlləri qoyulub.
    İlk təməllərinin atıldığı vaxtdan ötən dövrün reallıqları Ağdam şəhərindəki bərpa və quruculuğun həm sürətli, həm də əzəmətli olduğunu göstərir. İndiyə qədər Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, 1 nömrəli körpələr evi-uşaq bağçasının, Muğam Mərkəzinin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, “Aghdam City Hotel”in inşası başa çatdırılıb. Ağdam Cümə məscidi isə Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.
    Ağdam şəhərində yaşayış komplekslərinin, rayon mərkəzi xəstəxanasının, “Park Forest Hotel Ağdam” mehmanxanasının, “İmarət” stadionunun, Atçılıq Nəsilartırma Mərkəzinin inşası və digər quruculuq layihələrinin icrası davam etdirilir. Bərpa və quruculuq işləri nəticəsində Ağdam şəhəri azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır.
    Qeyd olunanlarla yanaşı rayonda Bərdə-Ağdam yolunun tikintisi, İmarət Kompleksinin bərpası başa çatdırılıb, Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi, “Ağdam” qovşaq yarımstansiyası Xaçınçay su anbarı istifadəyə verilib. Habelə rayonun yenidən qurulan Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinin birinci mərhələsinin açılışı olub, kənd sakinləri öz doğma yurdlarına qayıtmağa başlayıblar. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə və ya 3300 nəfərdən çox sakin öz doğma yurduna qayıdıb. Rayonun Qiyaslı, Salahlı Kəngərli, Baş Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı, Eyvazxanbəyli kəndlərinin bərpası istiqamətində isə hazırda layihələndirmə işləri aparılır.

    Ağdamın bərpası prosesində rayonun iqtisadi potensialından səmərəli istifadə və əhalinin məşğulluğunun təmin edilməsi də nəzərə alınır. Bu baxımdan rayonda həyata keçirilən ən böyük iqtisadi layihə Ağdam Sənaye Parkının yaradılmasıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli fərmanına əsasən yaradılan Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük belə iqtisadi fəaliyyət sahəsidir. İndiyədək burada ümumi investisiyalarının həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Hazırda Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 938 nəfər daimi işlə təmin edilib. Ağdam Sənaye Parkındakı sənaye müəssisələri yalnız bu rayonun deyil, bütün Qarabağın iqtisadi inkişafına və əhalinin məşğulluğunun təmin edilməsinə böyük töhfə verəcək.
    Sovet dövründə Ağdam yalnız Azərbaycanda deyil, keçmiş ittafaqın hər yerində tanınırdı. Bu gün rayonda aparılan bərpa və quruculuq işləri göstərir ki, Ağdam tezliklə yalnız Azərbaycanın deyil, bütün regionun ən füsunkar rayonlarından birinə çevriləcək, Ağdam şəhəri isə gözəlliyi ilə fərqlənəcək. Çünki həm şəhərin, həm də bütövlükdə rayonun bərpası əzəmətlidir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin quruculuq əzminin nəticəsi olaraq, yeni və müasir Ağdam yaranır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR