“Vətən mənə ana, mən əsgərəm ona”
Bu sözlər qızılı rəngli həriflərlə şəhid Niyaməddin Sultanzadənin gül-çiçəyə qərq olmuş sinə daşına həkk olunub. Məzarının ətrafında böyük ürəyi xatırladan əklilər dövlət qurumlarının və ictimaiyyət təmsilçilərinin şəhidin xatirəsinə ehtiramları ilə yanaşı, həm də 22 il ömür yaşayan bir gəncın qısa ömrünə sığdırdığı misilsiz şücaət və qəhrəmanlıqdan soraq verir. Vətən üçün yaşayan, torpaq uğrunda canından keçən Niyaməddin Sultanzadə yeni nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Ona görə ki, Vətən torpağını əyninə geyinən Niyaməddin kimi oğullar Vətənin ömrünə öz ömürlərini calayıblar. Onların hər birinin işıqlı xatirəsi əsrdən əsrə, nəsildən nəslə ötürülərək daim ürəklərdə yaşayacaq.
Etiraf edək ki, xalqımıza QƏLƏBƏ sevinci yaşadan hər bir şəhidin ÖMRÜ həm də onun doğulub boya-başa çatdığı elin-obanın, ata-baba ocağının yeni adı, yeni ünvanıdır. Şəhidlik hünər zirvəsinin əbədiyyət simfoniyasıdır. Taleyinə bu müqəddəs məqama qovuşmaq nəsib olan şəhid ömrünün əbədiliyini istedadlı qələm dostum Balayar Sadiq belə dilə gətirir:
Boy verir ürəkdə hünər nəğməsi,
Nəsillər dinləyir bu məğrur səsi.
Şəhidlər - Vətənin qələbə rəmzi,
Şəhid oğulları Vətən yaşadır!
Qubadlı dağlarında erməni qəsbkarlarına qarşı döyüşərək cəsarəti, mərdliyi ilə Azərbaycanın ən yeni tarixini qanı ilə yazan Niyaməddin Sultanzadə Vətən müharibəsinə könüllü qatılmışdı...
Qısa tanıtım: Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 10 sentyabr 1998-ci ildə Masallı şəhərində anadan olub. 2005-2016 - cı illərdə R. Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. Ali məktəbə qəbul imtahanında ilk cəhdi alınmasa da ruhdan düşməyib. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hissəsində həqiqi hərbi xidmətini başa vurandan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə qəbul olub. Lakin kollec təhsili ilə kifayətlənməyib. Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinə qəbul olunmaq cəhdi növbəti dəfə uğurlu alınıb. Ali təhsilini qiyabi yolla davam etdirərək 10 oktyabr 2018-ci ildən “Azərsu” ASC-nin 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator su təmizləyici qurğularının operator peşəsi üzrə əmək fəaliyyətinə başlayıb.
27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində könüllü olaraq qoşulub, Cəbrayıl və Füzuli rayonlarının erməni işğalçılarından təmizlənməsində şücaət göstərib. 6 noyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 22 noyabr 2020-ci ildə Masallı şəhər Dadva qəbiristanlığında izdihamla dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Niyaməddin Sultanzadə ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
“Vətəni qorumaq yaşa baxmır”
Bu ifadə də Niyaməddinə məxsusdur. Orta məktəbdə təhsil aldığı vaxtlarda Dədə Qorqud öyüdlərinə bələd olan hər bir azərbaycanlı gənc kimi Niyaməddin də yaxşı bilirdi ki, Vətən anlayışı bir ovuc torpaqdan başlanır. “Torpaq - Vətəndir, Vətən - anadır, ana - millətdir, millət - dövlətdir..."
Sinif müəllimi Nərgiz Muxtarova deyir ki, uşaqlıqdan onda rəqabət hissi, qalib gəlmək istəyi güclü olub. “Çox ağıllı və təmkinli bir uşaq idi. Məktəbdə keçirilən bütün tədbirlərimizdə, yığıncaqlarımızda o, hamıdan çox çalışardı ki, tədbirimiz yaxşı və keyfiyyətli alınsın. İctimaiyyətçi kimi çox fəal idi, həm bizə, həm də sinif yoldaşlarına kömək edərdi. Niyaməddinin üzündən heç vaxt sevinc hissi, təbəssüm əskik olmazdı... Hərbi xidmətdən gələndən sonra da məktəbə gəldi, yenə də həmin sevinc hissi, həmin təbbəssüm Niyaməddinin üzündə idi... Yəqin ki, Vətən uğrunda şəhid olduğu anda da onun üzü gülüb...”
Şagirdinin səmimiliyindən, zəhmətsevərliyindən və əzmkarlığından geniş söhbət açan fransız dili müəllimi Fərqanə Mənsurova deyir: “Niyaməddin çox saf, təmiz uşaq idi. Mən onun daxili aləminə yaxşı bələd idim. Məktəbdən sonra, həm işləyirdi, həm də oxuyurdu. Deyirdi ki, müəllim, ali məktəbə qəbul olsam, sizə tort gətirəcəyəm... Mən də deyirdim, Niyaməddin, sənin ali məktəb tələbəsi olmağın mənim üçün elə hər şeydir. Müharibə başlamamışdan bir neçə gün əvvəl əlində tort sinifə daxil oldu. Dedi, müəllim, sözümə əməl etdim. Həmin tortu şagirdlərimlə paylaşdıq. İndi hər dəfə televizorda “Vətən yaxşıdır” mahnısını ifa edən şəhid Xudayarı göstərəndə Niyaməddinin siması gəlib durur gözümün qabağında. Axı o da Xudayar kimi gülərüz, mehriban, qəlbi həyat sevgisi ilə dolu gənc idi...”
Dövrümüzün Burla xatunu
“Kitabi-Dədə Qorqud” dastanında Burla xatun oğlu Uruzun yağılar tərəfindən öldürülməsinə razı olur ki, təki Qazan xanın, Oğuz elinin namusu tapdalanmasın... Niyaməddinin yeniyetmə çağlarından KİŞİLİK xarakterinə malik oduğunu söyləyən anası Mehriban xanım da müəllimədir. Hazırda oğlunun orta təhsil aldığı məktəbdə direktor müavini vəzifəsində çalışır. Mehriban xanım həm də başında OĞUL TABUTU aparan nadir analardan biridir. Ürəyinin oduyla, gözünün nuruyla böyütdüyü oğlunun Vətənin üçrəngli bayrağa bürünmüş tabutunu məğrurcasına son mənzilə yola salan Azərbaycan anası da öz mətanəti ilə dastan yazdı. Mənim fikrincə, Niyaməddin Sultanzadə kimi sinəsini Vətənə sipər etmiş oğulların özü və onları dünyaya gətirən Mehriban kimi anaların qəhrəmanlığı orta məktəb şagidlərinə ayıca fənn kimi tədris olunmalıdır.
Xalq şairi Ramiz Rövşənin şəhid analarına həsr etdiyi şerin bu misralarında da Mehriban xanımın mərd ana obarazı görünür:
Dünən hələ yox idi,
saçlarının ağları.
Toy üçün böyüdürdü
analar uşaqları.
Bu gün öz balasını
Vətənə qurban deyir...
“Azərsu” ASC-nin qurğu rəisi Mətləb Əliyevin Niyaməddin haqqında çəkilmiş filmdə dediyi kimi, Vətən uğrunda canını fəda edən oğulların nəinki özləri, ailə üzvləri də qəhrəmandırlar: “Əlbəttə ki, belə qəhrəman övladları olan Vətən heç vaxt basılmaz. Niyaməddin çox zəhmətkeş gənc idi. İşini çox sevirdi. Bir dəfə mənə döyüş bölgəsindən zəng etdib dedi ki, Şuşaya Qələbə bayrağını sancıb sağ-salamat gələcəyəm...”
Yaşasaydı, Niyaməddin çox yaxşı mütəxəssis kimi tanına bilərdi. Çalışdığı kollektivdə şəhidin xatirəsi hörmətlə yad olunur. Niyaməddin “Azərsu" ASC-nin Vətən müharibəsində qəhrəmancasına şəhid olan 3 əməkdaşından biridir...
“Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək...”
Taqım komandiri Sadiq Məcidli Niyaməddin komandir heyətinə necə canla-başla kömək ediyini və onunla ilk gündən dostlaşdığını bildirir. “Çalışrdı ki, əsgərlərin komplekləşdirilməsi tez yerinə yetirilsin, döyüşə gedək. Döyüş tapşırığımız Cəbrayılda strateji yüksəkliklərdən birini ələ keçirmək idi. Uğurlu əməliyat oldu, həmin mövqedə möhkəmləndik... Niyaməddin çətinliklərə çox dözümlü əsgər idi. Suyunu, çörəyini belə əsgər yoldaşına verib, özü susuz qalardı...”
...Qubadlıda başqa dəstənin tərkibində növbəti yüksəkliyi ələ keçirəndən sonra Niyaməddin son dəfə taqım komandiri ilə görüşüb. Oktyabrın 30-da səhər saatlarında atası ilə telefonla danışıb: “Vəziyyət yaxşıdır” deyib. Sonra uzun müddət Niyaməddindən soraq gəlməyib. “Niko” ləqəbli Niyaməddin Sultanzadənin döyüşlərin son iki günündə könüllü olaraq xüsusi təyinatların dəstəsində vuruşduğu bildirilir. Dayısı Ziyafət Ələkbərov onun əsgər yoldaşlarının dediklərinə istinadən bildirir ki, Niyaməddin silahdaşlarını düşmənin yaylım atəşindən qorumaq üçün başqa istiqamətdən döyüş meydanına atılıb. Ucadan “Allahu Əkbər” deyərək güllələrini düşmən əsgərlərinin üzərinə boşaldıb. Elə bu zaman düşmən gülləsi onun arzularla dolu qəlbini susdurub. Vətənin cəsur övladı əbədiyyətə qovuşandan sonra da erməni faşistləri onun nəşini gülləbaran edərək tanınmaz hala salıb...
Şəhidin əmisi Şəfahət Sultanov müharibənin ilk günündən başlayaraq 47 gün döyüş bölgəsindən yaralı əsgərlərimizi idarə etdiyi təcili yardım maşını ilə hospitallara çatdırıb. Niyaməddinin tanınmaz hala düşmüş nəşi Füzuliyə gəririləndə əmisi çox bərk sarsılıb. İstər onun, istər Niyaməddinin böyük qardaşı Tacəddinin kövrək xatirələrini qələmə almaq çox çətindir.
Atası Hüsaməddin isə niyyət etmişdi ki, oğlu müharibədən sağ-salamat qayıdıb gəlsə, onu özü ilə Kərbəla şəhərində Həzrət İmam Hüseynin (ə) hərəminin ziyarətinə aparacaq. Bu gün Niyaməddinin, eləcə də Vətən müharibəsində şəhid olan yüzlərlə Azərbaycan oğullarının şəkilləri müqəddəs şəhərdə - şəhidlər sərvərinin hərəmini “Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək” deyən Azərbaycan-türk şerinin tacidarı Şeyx Məhəmməd Füzulinin məhşur qəzəlinin bu ölməz misraları ilə birgə bəzəyirlər:
Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Canı canan diləmiş, verməmək olmaz, ey dil!
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.
Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!
İstedadlı kino-operator Elsevər Əliyevin Vətən aşiqi Niyaməddin Sultanzadə haqqında çəkdiyi “Zirvənin sakini” sənədli filmində şəhidin atası Hüsaməddin kövrələrək deyir: “Niyaməddin bu dünyaya gələndə də ildirim çaxırdı, yağış yağırdı, dünyadan gedəndə də...”
Oğul itkisinin ağırlığını bütün varlığıyla hiss edən Məhəmməd Səfərov adlı izləyici həmin filmə baxandan sonra Niyaməddinin ruhuna xitabən yazır:
“ Azad bir quşdun,
Yuvandan uçdun.
Cənnətə düşdün
Bu gənc yaşında...
Niyaməddin Sultanzadə! Sən bizim qürur yerimizsən. Ruhun qarşısında baş əyirik... Tanrım qoynunda uyuduğun məkanı daima rəhmət nuruna qərq eləsin! Amin.”
Nurəddin ƏDİLOĞLU, Masallı şəhəri