Azərbaycanda kredit götürənlər üçün yeni sığorta növü tətbiq ediləcək

Azərbaycanda işsiz qalma riski ilə bağlı kreditlərin sığortalanması mexanizmi yaradılır. Yeni qaydalar çərçivəsində müəyyən hallarda borcalanın kredit öhdəliyinin sığorta şirkəti tərəfindən tam və ya qismən ödənilməsi nəzərdə tutulur.
Bu barədə deputat Vüqar Bayramov açıqlama verib.
Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən müvafiq qaydalar artıq hazırlanıb və onların yaxın müddətdə tətbiqi gözlənilir.
Deputat bildirib ki, hazırda borcalanların həyatının, ölümünün və əmək qabiliyyətini itirməsinin sığortalanması mexanizmi mövcuddur. Yeni qaydalar isə kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur.
Vüqar Bayramov qeyd edib ki, iş yerinin bağlanması, işçinin ixtisara düşməsi və digər şəxsdən asılı olmayan səbəblər kredit ödənişlərində çətinlik yarada bilər. Yeni mexanizm belə hallarda kredit öhdəliyinin sığorta şirkəti tərəfindən qarşılanmasına imkan verəcək.
Onun sözlərinə görə, yeni sığorta növü yalnız qüvvədə olan əmək müqaviləsi əsasında çalışan şəxslərə şamil ediləcək. Sığorta şərtlərinin “İşsizlikdən sığorta haqqında” Qanunun tələblərinə uyğun müəyyənləşdirilməsi gözlənilir.
Deputatın açıqlamasına əsasən, banklardan kredit götürən şəxslərə işsizlikdən sığortanın təklif edilməsi planlaşdırılır. İstehlak kreditləri üzrə isə bu xidmət könüllü olacaq və müştərilər seçim etmək hüququna malik olacaqlar.
V.Bayramov bildirib ki, iş yerinin ləğvi, ştatların ixtisarı, əmək müqaviləsinin müddətinin başa çatması, müəssisənin mülkiyyətçisinin dəyişməsi və məhkəmə qərarı ilə işçinin əvvəlki vəzifəsinə bərpa olunması sığorta hadisələri sırasına daxil edilə bilər.
Deputat vurğulayıb ki, sığortadan istifadə borcalan üçün əlavə xərc yaratsa da, bu mexanizm işsiz qalma halında maliyyə yükünü azalda bilər. Onun fikrincə, banklar kredit risklərinin sığortalanması nəticəsində xərclərinin azalmasını nəzərə alaraq faiz dərəcələrində güzəştlərə gedə bilərlər.
V.Bayramovun sözlərinə görə, yeni mexanizmin tətbiqi ilə işsizlikdən sığortalanan kreditlərin faiz dərəcələrinin adi kreditlərlə müqayisədə daha aşağı olması gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.