Çin mənbələrinin yaydığı məlumata görə, Samsung Display iPhone 18 seriyası üçün ən inkişaf etmiş OLED panellərin əsas tədarükçüsü olacaq. GSMArena yazır ki, bu ekranlar hazırda istifadə olunan panellərlə müqayisədə xeyli daha parlaq olacaq.
Məlumata əsasən, Çin şirkəti BOE Apple-ın parlaqlıqla bağlı tələblərini tam ödəyə bilmədiyi üçün sifarişlərin bir hissəsi Samsung-a, qismən isə LG-yə yönləndirilə bilər. Söhbət iPhone 18 Pro və iPhone 18 Pro Max modellərində istifadə olunacağı gözlənilən yeni nəsil LTPO+ panellərdən gedir.
Sızıntılara görə, LTPO+ texnologiyasının kütləvi istehsalı üçün zəruri imkanlar hazırda yalnız Samsung və LG-də mövcuddur. Bu da onları Apple üçün əsas strateji tərəfdaşlara çevirir. BOE isə tədarük zəncirində yenidən ən zəif həlqə kimi dəyərləndirilir.
Yeni LTPO+ ekranların həm daha yüksək parlaqlıq və enerji səmərəliliyi təmin edəcəyi, həm də Face ID sensorlarının ekran altına yerləşdirilməsinə imkan verəcəyi gözlənilir. Bu isə iPhone-larda ekran kəsiyindən imtina üçün yol aça bilər. Maraqlıdır ki, eyni dövrdə Samsung-un Galaxy S26 seriyasının displeylərində ciddi yeniliklərin olmayacağı barədə şayiələr də yayılıb.
Beləliklə, Samsung-un ən qabaqcıl ekran texnologiyalarını rəqibi olan Apple üçün prioritet etməsi, şirkətin öz flaqman modellərinin isə daha sadə həllərlə kifayətlənə biləcəyi ehtimalını gücləndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.