WhatsApp Android əməliyyat sistemi üçün tətbiqin interfeysində genişmiqyaslı yeniləmə üzərində işləyir. Yeniliklər çərçivəsində messencerdə ayrıca “Contacts” (Kontaktlar) bölməsinin yaradılması nəzərdən keçirilir. Bu barədə WABetaInfo portalı məlumat yayıb.
Məlumata görə, yeni bölmə aşağı naviqasiya panelində yerləşdirilə bilər. Burada istifadəçilər hazırda onlayn olan və ya yaxın vaxtlarda aktivlik göstərən kontaktları daha sürətli tapa biləcəklər. Bununla yanaşı, son görülmə vaxtını və onlayn statusunu gizlədən şəxslər siyahıda görünməyəcək.
Yeni funksiyanın əlavə olunması ilə əlaqədar tətbiqin interfeysində bir sıra dəyişikliklər həyata keçirilir. Daha əvvəl WhatsApp Meta AI alətləri üçün ayrıca bölmə yaradıb, statusları Instagram-a bənzər şəkildə çatlar siyahısının yuxarı hissəsinə köçürüb və yazışmalar bölməsində kanallar üçün filtr funksiyasını sınaqdan keçirməyə başlayıb. Bu dəyişikliklərin məqsədi naviqasiyanı sadələşdirmək və yeni funksiyalar üçün yer açmaqdır.
Hazırda tərtibatçılar interfeysin yenidən təşkili ilə bağlı müxtəlif variantları nəzərdən keçirirlər. Mümkün ssenarilərdən biri Meta AI bölməsinin gələcəkdə ləğv edilərək onun yerinə “Contacts” bölməsinin yerləşdirilməsidir. Lakin bu barədə yekun qərar hələ verilməyib.
Funksiya hazırda hazırlanma mərhələsindədir və hətta beta test iştirakçıları üçün də əlçatan deyil. Onun WhatsApp-ın stabil versiyasında nə vaxt istifadəyə veriləcəyi isə hələ açıqlanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.