Səudiyyə Ərəbistanının Məkkə şəhərində yeni hicri ilin ilk günü münasibətilə Kəbənin müqəddəs örtüyü – Kisvə ənənəvi olaraq yenisi ilə əvəz edilib.
Kisvənin dəyişdirilməsi Məhərrəm ayının ilk günündə həyata keçirilən və İslam dünyasının ən mühüm dini ənənələrindən biri hesab olunan illik mərasimdir.
Örtüyün dəyişdirilməsi bir neçə saat davam edən mürəkkəb prosesdir. Kisvə hissə-hissə çıxarılır və eyni vaxtda yeni örtüklə əvəz edilir. Bu üsul mərasim boyunca Kəbənin örtüksüz qalmamasını təmin edir.
Kəbədən çıxarılan köhnə Kisvə əvvəlcə Zəmzəm suyu ilə yuyulur. Daha sonra onun hissələri muzeylərə, İslam mədəniyyət mərkəzlərinə və müxtəlif müsəlman ölkələrinə göndərilir. Bəzi hissələr isə dövlət başçılarına hədiyyə olunur.
Kisvənin üzərində Qurani-Kərimdən ayələr və dualar qızıl və gümüş saplarla işlənir. Bir örtüyün hazırlanması üçün təxminən 825 kiloqram təbii ipək, həmçinin 120 kiloqrama yaxın qızıl və gümüş istifadə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.