AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəmlonun qohumları onu ölümlə hədələyirdi - KQB-nin öldürdüyü məşhur yazıçımız - Maraqlı faktlar

  • + A
  • - A
  • 4-04-2021, 18:09


    Yazıçı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. 12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar. Beyləqanda məskunlaşıblar. Fərman və bacı-qardaşları yarımçıq qalmış orta təhsili Beyləqan rayonunun Şahsevən kəndində başa vurublar.

    ***

    “Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri böyük uğur qazansa da, yazıçı daha çox “Qanlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanların, “Təbriz namusu”, “Qoca qartalın ölümü” əsərlərinin müəllifi kimi tanınıb.

    Atası İsmayıl Şeyx Əlioğlu hüquq işçisi, qatı kommunist, sovet ideologiyası daşıyıcısı olub. Deyilənə görə Fərman Kərimzadə evlənəndən sonra bir dəfə gəlinini Teodor Drayzerin “Kerri bacı” əsərini oxuyan görən qayınata kitabı onun əlindən alıb, Marks və Engelsin həyatı ilə bağlı hekayələr toplusunu verib ki, bunu oxu.

    ***

    Fərmanın anası Qəmər isə təhsilsiz qadın olub. Amma Azərbaycan bayatılarını, mahnılarını, folkloru gözəl bilirmiş. Fərman da, digər övladlar kimi, o nağıllarla və bayatıların avazı ilə böyüyüb.
    [/center]
    Deportasiya olunandan sonra ağır günlər yaşayıblar. O, yazılarından birində yazır ki, Beyləqandan ayağımda qaloşla Bakıya üz tutdum, oxumaq üçün.

    ***

    Orta məktəbdə yaxşı rəssamlıq qabiliyyəti olduğu üçün hamı onun rəssam olacağını zənn edirmiş. Yazıçı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. Rəssamlığı başa vurandan sonra 3 il İsmayıllıda, Beyləqanda orta məktəblərdə dərs deyib. Bu dövrlərdə onun ilk hekayələri artıq müxtəlif qəzetlərdə çap olunmağa başlayır. Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirir.

    Həyat yoldaşı Xalidə xanımla Bakıda tanış olublar. Xalidə Tibb Universitetində təhsil alırmış. Fərman Tibb Universitetinə bir kəndçisi, orta məktəb yoldaşı olan qızın ziyarətinə gedib-gəlirmiş. Xalidəni də o zaman görüb. Görən kimi də vurulub. Heç ləngimədən, bir neçə günün içində elçilərini göndərib. Qız evi imkanlı olduğundan Xalidəni kasıb yazıçıya vermək istəməyiblər. Bəhanə gətiriblər ki, yemək bişirə bilmir, hələ uşaqdır. Fərman Kərimzadənin dostu Məmməd Aslan qızın “hə”sini alacağına boyun olsa da, elçilər evdən qovulur. Başqa yolu qalmayan Fərman qızı götürüb qaçırır.

    ***

    Heç bir etiraz etmədən yazıçıya qoşulub qaçan qızın gözlərindən bircə damla yaş axır. Xalidə xanım müsahibələrində o günləri belə xatırlayır: “Mən oxuduğum Tibb məktəbində Fərmanın kəndçiləri də vardı. Tez-tez gələrdi onları görməyə. Qızlar bizi küçədə tanış etdilər. Görürdüm, hər gün məktəbin qabağında dayanıb, bizə baxırdı. Elə bilirdim rəfiqəm Gülçöhrəni istəyir. Bir dəfə mənə məktub verdi ki, Fərman sənə göndərib. Məktubu oxuyanda gördüm ki, mənə yazılıb.”

    Ssenarisi əsasında çəkilmiş “Axırıncı aşırım” filmi ekranlara çıxandan sonra yazıçı xeyli əziyyət çəkib. Qızı Yeganənin dediyinə görə, atasını öldürməklə hədələyirmişlər. “Bir dəfə bibimgilə getmişdim, bir kişi gəlib dedi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyifini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Onlar deyirdilər, guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo həqiqətən elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yabayla öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşublar. Mərdlikləri də varmış”.

    Filmdəki Xəlil obrazı Fərman Kərimzadənin doğmaca dayısı oğlu olub. Deyilənə görə yazıçının anası ölənə qədər Xəlil deyə-deyə bayatılar deyirmiş. Abbasqulu bəy isə yazıçının atasının ən yaxın silahdaşı, qohumu, dostu olub. Kərbəlayi İsmayıl da yaxın adamı olub.

    ***

    Qəmlonun əsl adı Qəmbəralı imiş, Qəmlo deyirmişlər. Yaxın adamlar nə qədər israr etsələr də, yazıçı onun adını Qəmbəralı kimi yox, Qəmlo kimi yazır.

    Nəsrəddin Tusi haqqında əsər yazıbmış. Yazıb bitirəndən sonra əsər yaşadığı evdən yoxa çıxıb. Andranik haqqında yazdığı əsər də eyni taleyi yaşayıb.

    ***

    Günlərin birində isə gecə hamı yatandan sonra onların evinə naməlum bir qadın gəlir. Onun gəlişini qızından başqa heç kim görmür. Səhəri gün bu əhvalatdan xəbər tutan valideynlər uşağa gülsələr də, bir neçə saatdan sonra məlum olub ki, yazıçının Andranik haqqında yazdığı əsər evdən oğurlanıb.

    Yuqoslaviya müharibəsi ilə bağlı daha bir roman 1993-cü ildə oğurlanıb. Fərman Kərimzadə sonradan yazıb ki, onların KQB tərəfindən götürüldüyünü öyrənib.

    ***

    Qızı Yeganə xanım danışır ki, 1986-cı ildə Naxçıvana bacısının toyuna gediblər. Ordan da Vediyə baş çəkiblər: “Məni də apardı. Bir-bir ata-baba yurdumuzu bizə göstərdi. Dedi, ölüb qalmaq istəyirəm burda. Orda bir ağız da “Apardı sellər Saranı” mahnısını oxudu...

    ***

    Deyilənə görə hər il ad günündə yazıçının qəbri üzərinə kimliyi məlum olmayan adam tərəfindən təzə-tər çiçəklər qoyulurmuş. Bir müddət sonra isə məlum olub ki, bu yazıçının oxucularından biridir.

    “Qarlı aşırım” romanı Fərmana çox böyük şöhrət və təbii ki, pul gətirib. Təkcə “Xudafərin körpüsü”nə görə 32 min rubl alıb. Film çəkiləndən sonra ona kinostudiyanın binasından 5 otaqlı ev də veriblər. Həmin vaxt Şahmar Ələkbərovun iki qızı vardı, bölgüdə erməni ilə eyni kommunal mənzilə düşüb. Fərman Adil İsgəndərova deyir ki, mənim evim dörd otaqlı olsun, əvəzində Şahmara ayrıca ev verin.

    ***

    1989-cu ilin martında Fərman Kərimzadə Tərtərdəki həmyerlilərinə yardım üçün gedəndə oradakı insanların acınacaqlı vəziyyətinə dözə bilməyib yıxılıb. Həkimlər gələndən sonra məlum olub ki, yazıçının beyninə qan sızıb. Elə həmin gün yazıçı dünyasını dəyişib.

    Qızı müsahibələrinin birində atasının KQB tərəfindən öldürüldüyünü deyir: Sap-sağlam adam idi. Məncə, onu KQB öldürdü. Son hadisələrdə çox fəal idi. Anama da demişdi ki, məni izləyirlər, tutulsam, bilin ki bunlar edib. Hətta bir dəfə çağırıb nəsə təklif də eləmişdilər, təbii ki, qəbul eləməmişdi. O, azad adam idi. Bu hadisələrlə bağlı Moskvaya getmişdi, ordan gəldi, heç evə dəymədən Tərtərə yollandı. O vaxt adamlar köçürülürdü Ermənistandan. Kəlbəcərə gedib, sonra bir də Tərtərə qayıdıb. Orda iflic olmuşdu. Amma mən buna inanmıram. Daha doğrusu içimdə ciddi şübhələr var”. Kulis.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR