Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.
25 MVt gücündə “Şəms 1” stansiyası 52 hektar ərazidə inşa edilir. Layihə çərçivəsində artıq 10 MVt gücündə günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır.
Stansiyanın fəaliyyətə başlamasından sonra ildə təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin edilməsi nəzərdə tutulur. Layihə nəticəsində hər il 26 min tona yaxın karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi gözlənilir.
25 MVt gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyasının da 50 hektar ərazidə inşası planlaşdırılır. Burada topoqrafik işlər başa çatdırılıb, geoloji tədqiqatlar davam edir. Stansiyanın illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi və 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcəyi bildirilir.
Hazırda Naxçıvanda 688 hektar ərazi günəş elektrik stansiyalarının tikintisi üçün bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib. “Şəms 1” və “Qərbi Üfüq” layihələrinin istifadəyə verilməsi ilə Naxçıvanın bərpaolunan enerji üzrə qoyuluş gücü 108 MVt-dan 158 MVt-a yüksələcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.