AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa LNG alışlarını azaldıb, “Türk axını” ilə Rusiyadan qaz tədarükü rekord həddə çatıb

  • + A
  • - A
  • Bu gün, 16:14

    Avropa LNG alışlarını azaldıb, “Türk axını” ilə Rusiyadan qaz tədarükü rekord həddə çatıb

    Avropa dövlətləri avqustun əvvəlində mayeləşdirilmiş təbii qaz (LNG) alışını son iki ilin minimumuna endirib. Bu fonda “Türk axını” kəməri ilə Rusiyadan qaz nəqlinin həcmi yazdan bəri ən yüksək səviyyəyə yüksəlib. Müvafiq hesablamalar aktual statistik məlumatlar əsasında RİA Novosti tərəfindən aparılıb.

    Bolqarıstan-Türkiyə sərhədində yerləşən “Strandja 2 – Malkoçlar” məntəqəsindən tranzit bir ay ərzində 7%, illik ifadədə isə 5% artıb. ENTSOG sisteminin məlumatlarına görə, nəql olunan qazın həcmi 609,2 milyon kubmetr təşkil edib. Bu göstərici yalnız mart ayındakı 661,8 milyon kubmetrlik həcmdən geri qalıb.

    Eyni zamanda, avqustun 1-dən 12-dək Avropanın qaz sisteminə LNG tədarükü 3,2 milyard kubmetr olub. Gas Infrastructure Europe məlumatlarına əsasən, LNG idxalı əvvəlki ayla müqayisədə 3,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12,6% azalıb. Bu rəqəmlər 2024-cü ilin antirekord göstəricisinə yaxınlaşır. Həmin il LNG alışları 2,7 milyard kubmetrə qədər geriləmişdi.

    Qeyd edək ki, illik layihə gücü 31,5 milyard kubmetr olan “Türk axını” hazırda “Qazprom”un Avropaya qaz ixracı üçün istifadə etdiyi yeganə marşrut olaraq qalır. Aİ Şurasının 2027-ci ilin noyabrına qədər Rusiya boru qazı və LNG-dən mərhələli imtina qərarına baxmayaraq, magistralın Avropa qolu ilə qaz nəqli rekord göstəricilər nümayiş etdirməkdə davam edir və ümumi həcm 18 milyard kubmetri ötüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR