Rusiya “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin coğrafiyasını daha da genişləndirməyə hazırlaşır. Moskvanın sözlərinə görə, Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələri layihəyə böyük maraq göstərir və öz liman infrastrukturunu bu marşruta bağlamaq niyyətindədir.
Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bildirib ki, artıq Bəhreyn və Omanla əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Səudiyyə Ərəbistanı və Qətərlə də analoji sənədlərin hazırlanması istiqamətində iş aparılır.
Nikitinin sözlərinə görə, xüsusilə Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələrinin marağı böyükdür. Bu dövlətlər öz liman imkanlarını “Şimal-Cənub” dəhlizinə inteqrasiya etməklə beynəlxalq yükdaşımalar şəbəkəsində daha fəal rol oynamaq istəyirlər.
Rusiya rəsmisi qeyd edib ki, ötən il dəhlizin şərq qolu üzrə Əfqanıstan və İraq istiqamətində ilk konteyner qatarlarının hərəkəti də başlayıb.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiya, İran və Hindistanı birləşdirən multimodal nəqliyyat marşrutudur. Marşrutun əsas xətti Sankt-Peterburqdan başlayaraq İran ərazisindən keçməklə Hindistanın Mumbay limanına qədər uzanır və ümumi uzunluğu 7 min kilometrdən çoxdur.
Körfəz ölkələrinin dəhlizə marağının artması layihənin yalnız Rusiya–İran–Hindistan xətti ilə məhdudlaşmadığını göstərir. Yeni limanların və ölkələrin marşruta qoşulması “Şimal-Cənub”u Avrasiya ilə Yaxın Şərq və Cənub-Şərqi Asiya arasında daha geniş logistika platformasına çevirə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.