Akademik İbrahim CəfərovHazırda dünyanın diqqəti Qırğızıstanın paytaxtı Bişkekə yönəlib.
Bu əsnada isə Azərbaycan 2016-cı ildən ŞƏT-də “dialoq üzrə tərəfdaş” statusuna malikdir. Bu status ölkəmizə təşkilatın müxtəlif istiqamətlər üzrə əməkdaşlıq mexanizmlərində iştirak etmək imkanı verir. Bakı üçün xüsusilə təhlükəsizlik və sabitlik məsələləri əhəmiyyətlidir. Terrorizm, ekstremizm və separatizmlə mübarizə ŞƏT-in ənənəvi prioritetləri sırasında olduğu kimi, Azərbaycanın milli təhlükəsizlik gündəliyində də mühüm yer tutur.
Amma Azərbaycanın ŞƏT-ə marağını yalnız təhlükəsizlik amili ilə izah etmək kifayət deyil.
Azərbaycanın geosiyasi üstünlüklərindən biri onun müxtəlif nəqliyyat və kommunikasiya xətlərinin kəsişməsində yerləşməsidir. Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Limanı və Zəngəzur istiqamətində formalaşan yeni bağlantılar ölkəni Avropa ilə Asiya arasında mühüm tranzit halqaya çevirir.
Bu baxımdan ŞƏT coğrafiyası Azərbaycan üçün yalnız siyasi dialoq məkanı deyil, həm də iqtisadi və logistika imkanlarının genişləndirilməsi üçün platformadır.
ŞƏT ölkələri dünya iqtisadiyyatının böyük hissəsini formalaşdıran dövlətlərdir.
Son illərdə münasibətlərin yeni mərhələyə yüksəlməsi də bu mənzərənin mühüm hissəsidir. Prezident İlham Əliyev də ŞƏT platformasında Çinlə münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdığını vurğulayıb.
Bu mənada Azərbaycanın ŞƏT-lə münasibətlərinə bir istiqamətli deyil, çoxvektorlu xarici siyasətin tərkib hissəsi kimi baxmaq daha doğru olar.
Azərbaycanın ŞƏT-də iştirakının əsas üstünlüyü müxtəlif güc mərkəzləri ilə eyni platformada dialoq aparmaq imkanındadır.
Çinlə iqtisadi və strateji münasibətlər, Mərkəzi Asiya ölkələri ilə qardaşlıq və nəqliyyat əlaqələri, Rusiya ilə regional məsələlər, İranla qonşuluq münasibətləri və Pakistanla strateji tərəfdaşlıq Azərbaycanın ŞƏT məkanındakı mövqeyini xüsusi edir.
Burada Azərbaycanın başqa bir üstünlüyü də ortaya çıxır: Bakı Şərq və Qərb arasında seçim etmək əvəzinə, hər iki istiqamətlə əlaqələri inkişaf etdirən siyasət yürüdür.
Bu, xüsusilə indiki mürəkkəb beynəlxalq münasibətlər sistemində mühüm üstünlükdür.
ŞƏT Azərbaycanın nəqliyyat xəritəsində
ŞƏT-ə üzv ölkələrin böyük hissəsi Avrasiya məkanında yerləşir. Bu dövlətləri birləşdirən əsas məsələlərdən biri də nəqliyyat və ticarət marşrutlarının inkişafıdır.
Azərbaycan isə öz coğrafi mövqeyinə görə bu prosesdə təbii şəkildə iştirak edir.
Orta Dəhlizin inkişafı Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm körpüyə çevirir. Bakı limanı, dəmir yolu infrastrukturu və regiondakı yeni nəqliyyat layihələri ölkənin tranzit potensialını artırır.
Deməli, ŞƏT platformasında Azərbaycan üçün söhbət yalnız siyasi bəyanatlardan getmir. Söhbət yük axınlarından, yeni bazarlardan, investisiyalardan və Avrasiya boyunca formalaşan yeni iqtisadi coğrafiyadan gedir.