AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev: İtkin düşmüş şəxslərin taleyi müəyyənləşdirilməlidir

  • + A
  • - A
  • Bu gün, 10:37

    İlham Əliyev: İtkin düşmüş şəxslərin taleyi müəyyənləşdirilməlidir

    Azərbaycanda 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydə alınıb

    Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına müraciət edib.

    Prezident müraciətində Azərbaycanın itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

    Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən hərbi təcavüzü nəticəsində 4 010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb.

    İlham Əliyev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb. Həmin ərazilərdən əldə olunan insan qalıqları üzərində aparılan ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərib.

    Dövlət başçısı vurğulayıb ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərin axtarışı və kütləvi məzarlıqların müəyyənləşdirilməsi istiqamətində intensiv fəaliyyət göstərir.

    Prezidentin sözlərinə görə, itkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından asılıdır. Bu baxımdan Ermənistanın müvafiq məlumatları təqdim etməsi, arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratması vacibdir.

    İlham Əliyev bildirib ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ailələr qarşısında mənəvi məsuliyyətdir.

    “İtkin düşmüş heç bir vətəndaşımız unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir”, - deyə müraciətdə vurğulanıb.

    Azərbaycanın 2002-ci ildən etibarən BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə təşəbbüsləri ilə çıxış etdiyi qeyd olunub.

    Prezident BMT və digər aidiyyəti beynəlxalq təşkilatların bu sahədə fəaliyyətini gücləndirməsinin vacibliyini bildirib və BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılmasını zəruri hesab etdiyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR