MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib

Zakir Həsənov hərbi əməkdaşlıq məsələlərinin müzakirəsində iştirak edib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız Respublikasında keçirilən MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasına qatılıb.
İclasda Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri və MDB Katibliyinin nümayəndələri iştirak ediblər.
Tədbir öncəsi müdafiə nazirləri Çolpon-Ata şəhərində İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə həsr olunmuş abidəni ziyarət edərək önünə əklillər qoyublar. İştirakçılar, həmçinin ətraf mühitin yaxşılaşdırılması və təbii irsin qorunması məqsədilə ağacəkmə aksiyasında iştirak ediblər.
İclasda kollektiv təhlükəsizlik, orduların döyüş hazırlığı, mühəndis təminatında pilotsuz sistemlərin və robototexnika komplekslərinin istifadəsi, eləcə də pilotsuz uçuş aparatlarının hücum və müdafiə əməliyyatlarında tətbiqi müzakirə edilib. Hərbi idman sahəsində əməkdaşlığın genişləndirilməsi və birgə yarışların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
İclasın yekununda 2026-cı il ərzində görülmüş işlərin nəticələrini əks etdirən sənədlər və Müdafiə Nazirləri Şurasının 2027-ci il üçün İş Planı imzalanıb.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.