Azərbaycanda rəqəmsal rabitə sahəsində yeni sistem tətbiq ediləcək

Prezident İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və onun fəaliyyəti ilə bağlı məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.
Fərmanla “Rəqəmsal rabitə” informasiya sistemi haqqında Əsasnamə təsdiq olunub.
Sistem rəqəmsal texnologiyalar vasitəsilə informasiya-kommunikasiya texnologiyaları və rabitə sahələrində tənzimləmə və nəzarətin həyata keçirilməsinə, dövlət qurumları, yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslərlə əlaqələrin səmərəliliyinin artırılmasına imkan verəcək.
Sistemin sahibi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru isə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi müəyyən edilib.
Fərmana görə, nazirlik sistemin formalaşdırılması, fəaliyyətinin təşkili və inkişafı ilə yanaşı, onun “Hökumət buludu”nda yerləşdirilməsi və müvafiq dövlət informasiya reyestrlərinə daxil edilməsi üçün tədbirlər görəcək.
Bundan əlavə, ilkin məlumat mənbəyi olan dövlət qurumları ilə birgə zəruri məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunması təmin edilməlidir.
Nazirlər Kabinetinə isə Fərmandan irəli gələn məsələlərin həlli həvalə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.