İlham Əliyev İƏT üzv dövlətlərini korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirməyə çağırıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün iştirakçılarına müraciət ünvanlayıb.
Müraciəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev səsləndirib.
Dövlət başçısı müraciətində Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bildirib.
Prezident qeyd edib ki, korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdır, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa zərər vurur. Bu cinayətlərin bəzi hallarda transsərhəd xarakter daşıması milli və beynəlxalq səviyyədə birgə tədbirlərin görülməsini zəruri edir.
İlham Əliyev bu baxımdan “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası”nın vahid hüquqi platforma yaratmaq baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycanın Konvensiyaya qoşulmasının beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm olduğunu diqqətə çatdırıb.
Müraciətdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və ictimai nəzarətin gücləndirilməsi bu sahədə əsas istiqamətlər kimi göstərilib.
Prezident, həmçinin Azərbaycanın ərazilərinin 30 ilə yaxın işğal altında olduğu dövrdə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismar edildiyini bildirib. Qeyd olunub ki, bu fəaliyyət nəticəsində əldə edilən külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb.
Dövlət başçısı rəqəmsal inkişafın və süni intellektin yayılmasının korrupsiyaya qarşı mübarizə imkanlarını genişləndirdiyini, eyni zamanda, yeni korrupsiya formalarının və rəqəmsal maliyyə alətlərindən sui-istifadə hallarının yaranmasına şərait yaratdığını vurğulayıb. O, müasir texnologiyalardan səmərəli istifadənin bu cinayətlərin qarşısının alınması və araşdırılması baxımından əhəmiyyətini qeyd edib.
İlham Əliyev Bakıda keçirilən görüşdə müzakirələrin və irəli sürüləcək təkliflərin İƏT üzv dövlətləri arasında əməkdaşlığın güclənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dayanıqlı inkişafa töhfə verəcəyinə əminliyini ifadə edib, iclasın işinə uğurlar arzulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.