Avropa İttifaqı Rusiyaya qarşı sanksiya təzyiqini daha da genişləndirməyə hazırlaşır. Avropa Komissiyası Moskvaya qarşı 22-ci sanksiya paketinin layihəsini təqdim edib. Yeni məhdudiyyətlərin əsas hədəfləri Rusiya bank sektoru, neft daşımaları və kriptovalyuta əməliyyatları olacaq.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin noyabrın 23-də açıqladığı məlumata görə, yeni paket çərçivəsində daha 60 Rusiya bankına qarşı əməliyyat məhdudiyyətlərinin tətbiqi və onların SWIFT beynəlxalq banklararası məlumat mübadiləsi sistemindən ayrılması təklif olunur.
Enerji sektoruna gəldikdə isə Rusiyanın neft ixracında istifadə etdiyi “kölgə donanması”na qarşı tədbirlərin genişləndirilməsi nəzərdə tutulur. Belə ki, 70-dən çox əlavə gəminin sanksiya siyahısına salınması, həmçinin Rusiyada sığortalanan bütün tanker gəmilərinə qarşı məhdudiyyətlərin tətbiqi təklif edilir.
Yeni paketdə kriptovalyuta və ödəniş şəbəkələri də diqqət mərkəzindədir. Xüsusilə Rusiyaya qarşı mövcud sanksiyalardan yayınmağa imkan verən kriptovalyuta platformalarının fəaliyyətinin məhdudlaşdırılması planlaşdırılır. Bu istiqamətdə nəzarəti gücləndirmək üçün xüsusi işçi qrupunun yaradıldığı da açıqlanıb.
Bundan başqa, Avropa Komissiyası Rusiyanın enerji sektoruna göstərilən xidmətlərə qoyulan qadağaların genişləndirilməsini, ilk dəfə elektrik enerjisi xidmətlərinin də bu məhdudiyyətlərə daxil edilməsini təklif edib.
Təkliflər arasında Rusiya vətəndaşlarının Avropadakı idman və mədəniyyət tədbirlərində iştirakına, rusiyalı idmançıların Rusiya bayrağı altında yarışmasına dair məhdudiyyətlər, eləcə də keçmiş rusiyalı döyüşçülər üçün viza qadağası da yer alır.
Qeyd edək ki, bu, Aİ-nin 2022-ci ildən bəri Rusiyaya qarşı hazırladığı 22-ci sanksiya paketidir. Bununla belə, Avropa Komissiyasının təqdim etdiyi təkliflər hələ yekun qərar deyil. Paketin qüvvəyə minməsi üçün Avropa İttifaqına üzv 27 ölkənin razılığı tələb olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.