AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sağlam gələcək üçün sağlam gənclər lazımdır” - Ekspert - Ekspert

  • + A
  • - A
  • 18-09-2025, 11:05

    “Sağlam gələcək üçün sağlam gənclər lazımdır” - Ekspert

    “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin nümayəndəsi, Narkotiklər üzrə Vyana QHT Komitəsinin üzvü Büllur Cavad qızı ilə söhbət
    Azərbaycan Respublikasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkotiklə mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqləndi. Bu xəbər bir çoxları üçün ümid işığı oldu. Biz də bu mövzuda illərdir gənclərlə çalışan, narkomaniyaya qarşı maarifləndirici layihələrin önündə gedən Büllur Məmmədova ilə danışdıq.
    – Büllur xanım, yeni proqram sizin üçün nə ifadə edir?
    – Bu proqram mənim üçün sadəcə bir dövlət sənədi deyil. Mən hər gün gənclərin gözlərində ümid də görürəm, çaşqınlıq da. Mən bilirəm ki, narkomaniya yalnız rəqəmlərdə deyil, insanların həyatında, ailələrin taleyində özünü göstərir. Bu proqram həmin ailələrə, həmin gənclərə verilən bir ümiddir.
    – Uğur üçün nəyə ehtiyac var?
    – Təkcə qanunlarla, qərarlarla bu mübarizəni udmaq olmaz. Ən böyük güc insanlardadır. Dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşür, amma cəmiyyət də kənarda qalmamalıdır. Valideynlər övladına yaxın olmalı, müəllimlər təkcə dərs yox, həyat dərsi də keçməli, QHT-lər gənclərin yanında dayanmalıdır. Bu, hamımızın savaşıdır.
    – Maarifləndirmə məsələsinə çox toxunursunuz. Sizcə, necə aparılmalıdır?
    – Mən gənclərlə olanda görürəm ki, sadəcə “narkotikdən uzaq dur” demək kifayət deyil. Onlar həyatın mənasını, sağlamlığın dəyərini, azadlığın gözəlliyini hiss etməlidirlər. Onlara göstərməliyik ki, narkotiksiz həyat daha rəngarəng, daha dolğun və daha xoşbəxtdir. Maarifləndirmə canlı, səmimi və davamlı olmalıdır – afişa üçün yox, həyat üçün.
    – Asılılıqdan çıxan insanlara münasibət necə olmalıdır?
    – Mən çox vaxt görürəm ki, bu insanlar damğalanır, kənara itələnir. Amma onlar da bir vaxtlar bizim kimi gənc idilər, xəyalları vardı. Onlara bir şans verilməlidir. Reabilitasiya mərkəzləri, psixoloji dəstək, yeni iş imkanları bütün bunlar onlara həyatlarını yenidən qurmaq imkanı verəcək. Hər bir insan ikinci şansa layiqdir.
    – Dövlət və QHT-lərin birgə fəaliyyəti barədə nə düşünürsünüz?
    – Biz QHT-lər gənclərin nəfəsini daha yaxından duyuruq. Onların suallarını, çətinliklərini eşidirik. Dövlətin gücü ilə vətəndaş cəmiyyətinin yaxınlığı birləşəndə biz çox böyük işlər görə bilərik. Mən inanıram ki, bu əməkdaşlıq yeni proqramın uğurunun açarı olacaq.
    – Sonda gənclərə bir sözünüz var?
    – Onlara demək istəyirəm: özünüzə dəyər verin, sağlamlığınızı qoruyun. Heç bir narkotik sizə xoşbəxtlik gətirməyəcək, əksinə, həyatınızı əlindən alacaq. Siz bizim ümidimizsiniz, bizim gələcəyimizsiniz. Sağlam gələcək üçün sağlam gənclər lazımdır. Mən inanıram ki, siz bunu bacaracaqsınız.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR