Niderlandda isti hava və quraqlıq səbəbindən su qıtlığı elan edilib

Niderlandda isti hava və quraqlıq səbəbindən su qıtlığı elan edilib
Niderland hökuməti ölkədə müşahidə olunan anomal isti hava və davam edən quraqlıq fonunda rəsmi olaraq su qıtlığı vəziyyəti elan edib və su ehtiyatlarının idarə olunması ilə bağlı əlavə tədbirlərin icrasına başlayıb.
RTL telekanalının məlumatına görə, yağıntıların azlığı və xüsusilə Reyn çayında su səviyyəsinin aşağı düşməsi səbəbindən ölkəyə daxil olan suyun həcmi azalıb. Eyni zamanda, suya tələbat artmaqda davam edir. Hökumət quraq hava şəraitinin yaxın həftələrdə də davam edəcəyini proqnozlaşdırır.
Niderlandın İnfrastruktur və Su Təsərrüfatı Nazirliyi bildirib ki, tətbiq olunan tədbirlər əhalinin içməli su ilə təminatına təsir göstərməyəcək.
Mövcud vəziyyətə uyğun olaraq regionlar üzrə müxtəlif tədbirlər həyata keçiriləcək. Belə ki, Reyn çayının qollarındakı bəndlərin fəaliyyəti su səviyyəsinin tənzimlənməsi üçün dəyişdiriləcək, ehtiyat nasoslar istifadəyə hazırlanacaq, dənizdən duzlu suyun daxili şirin su hövzələrinə daxil olmasının qarşısını almaq məqsədilə şlüzlərin işləmə sayı azaldılacaq.
Bundan başqa, bəzi bölgələrdə yeraltı su mənbələrindən, eləcə də çay, kanal və axarlardan su götürülməsinə məhdudiyyətlər tətbiq ediləcək. Bu məhdudiyyətlər xüsusilə fermerlərə təsir göstərəcək və bəzi ərazilərdə suvarma məqsədilə sudan istifadəyə qadağa qoyulacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.