Afrikada yeni meymun növü aşkar edilib

Konqo Demokratik Respublikasında alimlər indiyədək elmə məlum olmayan yeni meymun növü aşkar ediblər. Üzündə maskanı xatırladan fərqli naxışa malik olan növə Colobus congoensis adı verilib.
Bu barədə PLOS One elmi jurnalında dərc olunan araşdırmada məlumat verilib.
Qeyd olunur ki, bu kəşf son 75 ildə Afrikada qeydə alınan cəmi beşinci yeni meymun növüdür. Yeni növ qitənin ən əlçatmaz bölgələrindən birində yaşayır. Həmin ərazidə demək olar ki, infrastruktur və avtomobil yolları mövcud deyil.
Florida Atlantik Universitetinin tədqiqatçısı Keyt Detvaylerin sözlərinə görə, bu bölgəyə təşkil olunan ekspedisiyalar mürəkkəb logistika tələb edir. Alimlər əvvəlcə təyyarə ilə, daha sonra motosikletlə hərəkət edir, bir neçə gün piyada yol qət etdikdən sonra isə oyma qayıqlarla yaşayış arealına çatırlar.
Mütəxəssislərin diqqətini ən çox cəlb edən xüsusiyyət meymunun görünüşü olub. Ağız və burun ətrafındakı açıq rəngli dəri onun üzündə maskaya bənzər naxış yaradır və bu xüsusiyyət onu Afrikadakı digər kolobus növlərindən fərqləndirir. Maraqlıdır ki, oxşar üz cizgilərinə bəzi Asiya kolobuslarında da rast gəlinir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.