İcra hakimiyyətində yeni TƏYİNATLAR - FOTO
İsmayıllı Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.
Bununla bağlı icra başçısı Nahid Bağırov müvafiq sərəncamlar imzalayıb.
Sərəncama əsasən, Səlimov Əfqan Firudin oğlu Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ə.Səlimov 16 iyul 1990-cı ildə İsmayıllı şəhərində anadan olub. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin fransız dili müəllimliyi ixtisası üzrə təhsil alıb. 2016-2017-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdə olub. 21 sentyabr 2020-ci il tarixindən səfərbərliklə Vətən müharibəsinə yollanıb və Ağdam istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.
İcra başçısının digər sərəncamına görə, Kərimov Namiq Hafiz oğlu isə RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
N.Kərimov 9 iyul 1986-cı ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Kooperasiya Universitetinin mühəndis iqtisadiyyatı və idarəetmə (marketinq), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisaslarını bitirib.
Xatırladaq ki, N.Kərimov II dərəcəli dövlət qulluqçusudur və bundan öncə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.