20 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qarğalıq kəndində sakinlərlə növbəti səyyar görüş-qəbul keçirmişdir.
Görüşü giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qarğalıq kəndinin tarixi inkişaf yolu, kəndin ziyalı və ağsaqqal nümunəsi, eləcə də əhalinin əsas məşğul sahələri və sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə geniş məlumat vermişdir.
Daha sonra rayon rəhbəri çıxış üçün Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərova söz vermişdir. O, ötən səyyar qəbul zamanı vətəndaşların qaldırdığı müraciətlərin icra vəziyyətinə dair hesabat təqdim etmişdir.
Famil Cəfərov məlumatında bildirmişdir ki, əvvəlki görüşdə 6 nəfər sakin tərəfindən 6 məsələ qaldırılmış, onlardan 2-si icra olunaraq müsbət həllini tapmış, 2 məsələ üzrə işlərin gələcək dövrdə həyata keçirilməsi nəzərdə tutulmuş, digər 2 müraciət üzrə isə vətəndaşlara qanunvericiliyə uyğun şəkildə izahat verilmişdir.
Görüşün davamında icra başçısı qəbula gələn sakinləri dinləmiş, onların səsləndirdiyi müraciət və təkliflərin qeydə alınması, araşdırılması və icrasının nəzarətdə saxlanılması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir.
Sonda Araz Əhmədov keçirilən səyyar görüşlərin rayon üzrə vətəndaş müraciətlərinə operativ yanaşma, problemlərin yerində araşdırılması və çevik həllinə xidmət etdiyini vurğulayaraq qəbul tədbirini yekunlaşdırmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.