Masallı rayonu Heydər Əliyev Mərkəzinə şagirdlər üçün “təcrübə səfəri” təşkil olunub.
Azadmedia.az xəbər verir ki, Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə fəaliyyət göstərən “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin “IT Help Desk” ixtisası üzrə təhsil alan şagirdləri üçün Masallı rayon Heydər Əliyev Mərkəzinə təcrübə səfəri təşkil edilib.
Belə ki, şagirdlər əvvəlcə Mərkəzin ekspozisiya sərgi zalında yerləşən eksponatlarla tanış olublar. Bələdçi Şəfa Xəlilova şagirdlərə Ulu öndər Heydər Əliyevin Masallıya olan səfərlərindən, təhsilin inkişafına verdiyi töhfələrdən, gəncliyə göstərdiyi diqqət və qayğıdan danışıb.
Səfər çərçivəsində Heydər Əliyev Mərkəzinin əməkdaşı, “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin IT müəllimi Gülcahan Vəkilzadə şagirdləri “Şəbəkə printerinin quraşdırılması” və “NVR/DVR quraşdırılması” və digər Təhlükəsizlik sistemlərinin qurulması qaydaları ilə tanış edib. Şagirdlər IT ixtisası ilə bağlı real iş mühiti ilə yaxından tanış olublar.
Qeyd edək ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.