Azadmedia.az - Dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi kənd təsərrüfatının inkişafı qeyri-neft ixracının artması baxımından strateji əhəmiyyətə malikdir.
Son dövrlər kənd təsərrüfatının dayanıqlı inkişafında baramaçılıq və ipəkçilik xüsusi rola sahibdir. Qəbul edilmiş dövlət proqramları çərçivəsində ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi üçün zəruri tədbirlər davam etdirilir. Baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq baramaçılıqda yem bazasının gücləndirilməsi məqsədilə yerli şəraitə uyğunlaşdırılmış tut (çəkil) tinglərinin istehsalı davam edir. Lənkəran rayonunda da baramaçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, kənd yerlərində məşğulluğun təmin edilməsi məqsədilə 2022-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilmiş 8000 tut tinginin kümçülük təsərrüfatlarında və fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin torpaq sahələrində əkini təmin edilib. Qeyd edək ki, yerli şəraitə uyğunlaşdırılmış tinglər əsasında salınan bağlar baramaçılıqda yem bazasını möhkəmləndirməklə ipəkqurdlarının bəslənmə dövründə onların daha keyfiyyətli yarpaqla yemlənməsinə imkan verəcək. Kümçülərə və fərdi sahibkarlara bağlarının salınması zamanı tətbiq olunan normativlər, tinglərə mövsümi qulluq qaydaları barədə məlumat verilib və xüsusi aqrotexniki qaydalara riayət olunması məqsədilə təlimlər keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.