Dünən ailə quran qazimiz: "Yoldaşım ayağımın yoxluğunu hiss etdirmir"
Vətən müharibəsi zamanı döyüşlərin birində sol ayağını itirən qazi Abbas Yusifov nişanlısı ilə ötən gün rayon qeydiyyyat şöbəsində nigah bağlayıb və bu xoş anın fotoları az müddətdə sosial şəbəkələrin bəzəyinə çevrilib.
BAKU.WS-bölgə müxbiri xəbər verir ki, qazimiz Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Aslanbəyli kəndindin sakinidir.
24 yaşı fevralda tamam olacaq qazimiz gənc zabitdir. Ayağının birini itirsə də, hefyslənmədiyini deyir. Sadəcə axıra kimi döyüşlərdə iştirak edə bilmədiyi üçün heyfslənir.
Leytenant rütbəli Abbas Suqovuşan və Talış istiqamətlərində döyüşlərdə iştirak edib. Sentyabrın 30-da isə döyüşlərin birində minaya düşüb.
O bildirib ki, hərbiyə marağı uşaq vaxtlarından olub:
"Əvvəllər televiziyalarda görürdüm özümüzü. Bizim kənd cəbhə kəndidir. Atışma da olurdu. Bu kimi şeylər məndə hərbiyə maraq oyatdı. Evin tək oğlu olsam da döyüşlərə getdim. Döyüş yolum ilk günlərdən Suqovuşandan başladı. Düşmənin minasına düşərək xəsarət aldım".
Abbas Yusifov deyir ki, döyüş zamanı orduda bir zabit kimi yüksək əhval ruhiyyənin şahidi olub:
Gələcəyə nikbin baxan qazimiz deyir ki, həyata keçiriləcək çoxlu planı var:
"Biz ora canımızı verməyə getmişdik, vətən ayağımızı aldı, canımız da qurbandır. Bir ayağımın olmaması şükür Allaha ki, mənə elə də problem yaratmır. Döyüşlərdən qabaq hərbiçi olanda nişanlı idim. Evliliyimiz indiki vaxta - qazi olan vaxta təsadüf elədi. İstər öz ailəm, istərsə də yoldaşımgil tərəfindən ayağımın birinin olmamasını mənə hiss etdirilmədi".
Abbasın indi bir istəyi var. O, pratez ayaq qoydurmaq və yenidən hərbi xidmətini davam etdirmək istəyir.