AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağ Ev Azərbaycanın qələbəsini niyə çətin həzm edir? - Reallıqla barışmaq zamanıdır

  • + A
  • - A
  • 8-04-2021, 20:20



    “Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etmək əvəzinə onu saxlamağa can ata bilər”.

    ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Vaşinqtonda yerləşən Türk İrsi QHT-nin ev sahibliyi etdiyi bir vebinarda çıxış edərkən belə deyib.

    "Rusiya sülhməramlılarının uzun müddət Dağlıq Qarabağda qalması ilə əlaqədar Azərbaycan hakimiyyətinin narazılığının artacağını gözləyirəm",-deyə o qeyd edib. Eyni zamanda, Kent Dağlıq Qarabağdakı mövcud vəziyyəti xarakterizə edərək Rusiyanı münaqişəni uzatmaqda günahlandırıb. Gürcüstan Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisindən sitat gətirən Kent "Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri noyabr ayında dedi: "Bu, 1998-ci ildə olduğumuz vəziyyətdir. Sonra Azərbaycan özünü 2008-ci ildə bizim olduğumuz vəziyyətdə tapacaq. Daha sonra da indi olduğumuz vəziyyətdə", - deyə qeyd edib.

    "Bu, Rusiyanın Qarabağ problemini öz mənafeyi naminə necə manipulyasiya etməsinə, faktiki olaraq problemi həll etmək niyyətində olmamasına və Ermənistanla Azərbaycanın irəliləməsinə imkan verməməsinə dair kifayət qədər pessimist, lakin bəlkə də real qiymətləndirmədir",-deyə Kent əlavə edib.

    Dövlət Departamentinin rəsmisi, ABŞ-ın Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını təqdir etdiyini bildirib. "Hamımız keçən noyabr ayında, Putin atəşkəs şərtlərini irəli sürdüyü zaman döyüşlərin dayandırılmasını alqışlayırıq”. Amerikalı diplomatın fikrincə, təhlükəsizlik baxımından böyük bir problem qalır. "Dağlıq Qarabağ münaqişəsinə necə yanaşmaq olar ki, bu, iki ölkənin son statusla bağlı yekun razılığa gəlməsinə imkan versin... Azərbaycan müharibədə qalib kimi qəbul edilə bilər. Lakin bu, böhranın həllinə gətirib çıxarmır. Necə ki, Ermənistan ilk müharibəni dörddə bir əsr əvvəl qazanmışdı",-deyə Kent qeyd edib.

    “Başqa bir açıq sual Rusiyanın niyyətidir. Rusiya atəşkəs razılığına Minsk Qrupu həmsədrlərinin mexanizmi ilə deyil, birbaşa və üçtərəfli formatda nail olmaq qərarına gəldi”, - ABŞ diplomatı hesab edir. Kent Bakı və İrəvanın bu məsələdə maraqlı olduqları təqdirdə, ABŞ-ın Azərbaycan və Ermənistana münaqişənin həllində kömək etməyə hazır olduğunu vurğulayıb:

    "Ermənistan və Azərbaycan sülh yolu ilə nizamlamaya və Minsk Qrupu həmsədrləri prosesinin səlahiyyətlərindən istifadə etməyə nə dərəcədə sadiqdirsə, ABŞ iki ölkəyə irəliləyiş yolunu tapmağa kömək etməyə o qədər hazır olar".

    Bundan əlavə, Kent bu prosesin potensial olaraq digər əlverişli imkanlar açacağını, o cümlədən Ermənistan və Türkiyə münasibətlərinin gələcəyində istiləşməsinə səbəb olacağını proqnozlaşdırıb.

    Corc Kentin açıqlaması ABŞ-ın müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul etmək istəmədiyini göstərir. Dövlət katibinin köməkçisinin müavini çıxışına diqqət yetirdikdə, əsasən Rusiyanın bölgədəki fəaliyyətini tənqid hədəfinə aldığını görmək olar. Amerikalı diplomat Rusiya sülhməramlılarının münaqişə zonasına yerləşdirilməsindən rəsmi Vaşinqtonun narahatlığını açıq ifadə edib. Kent bu çıxışında Rusiyanın ünvanına bir sıra ciddi siyasi mesajlar verib.

    O, ilk növbədə, ABŞ-ın Qarabaq probleminin həllində Kremlin əsas vasitəçi kimi rolunu tanılmadığına işarə edib. Onun öz çıxışında ATƏT-in Minsk Qrupunun fəaliyyətini və yekun status məsələsini qabartması da bununla bağlıdır. Yəni Vaşinqton Rusiya-Türkiyə tandeminin Qarabağ münaqişənin həlli prosesindən ABŞ-ı kənarda saxlaması ilə razılaşmayacağına işarə edir. Corc Kent məhz “Rusiya atəşkəs razılığına Minsk Qrupu həmsədrlərinin mexanizmi ilə deyil, birbaşa və üçtərəfli formatda nail olmaq qərarına gəldi”,-deməklə noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanatı nəzərdə tutur.

    Rusiyanın ATƏT-in Minsk Qrupundakı digər həmsədrləri oyundan kənarlaşdıraraq müharibənin taleyini Türkiyə ilə birlikdə həll etməsi ABŞ-ın bölgədəki geosiyasi mövqelərini xeyli zəiflədib. Artıq Rusiyanın Cənubi Qafqazın hər üç ölkəsində silahlı qüvvələrinin olması Bayden administrasiyası tərəfindən göründüyü kimi ciddi narahatlıqla qarşılanır. Münaqişənin yekun həllinin vacibliyindən söz açan Kentin ardınca "Azərbaycanın müharibədə qalib gəlməsi böhranın həllinə gətirib çıxarmır”-söyləməsi diplomatik tərzdə iki mesajı özündə ehtiva edir.

    O, əslində, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasında ABŞ-ın iştirakının və maraqlarının nəzərə alınmasının vacibliyinə toxunur. İkincisi, Dövlət Departamentinin nümayəndəsi Rusiyanın sülhməramlı missiyasının regiona sabitlik gətirməyəcəyinə, əksinə, münaqişənin perspektivdə yenidən alovlanması ehtimalına işarə edir. Ancaq cənab Kentin çıxışında reallıqla ziddiyyət təşkil edən məqamlar da var.

    Bu da müharibənin nəticələrinə yanaşma ilə bağlıdır. Artıq müharibə beş aydır başa çatıb və regionda yeni geosiyasi situasiya formalaşıb. Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarıb və yenidən münaqişəyə girmək istəmir. Bu, hərbi və siyasi cəhətdən mümkün də görünmür. Hətta ABŞ özü də bölgədə Rusiyanın vasitəçiliyi ilə olsa belə, əldə edilmiş sülhün davamlı olmasında maraqlıdır.

    Doğrudur, Rusiyanın sülhməramlı kontingentinin fəaliyyəti qənaətbəxş sayılmaya bilər. Məsələyə kompleks yanaşdıqda, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və bölgədə status-kvonun dəyişməsi Rusiyanın nəzarətində olan ən böyük münaqişələrdən birinin aradan qalxmasına səbəb olub. Corc Kentin özünün də açıqlamasından görünür ki, Ermənistanın perspektivdə Azərbaycan və Türkiyə ilə sülh əldə edərək sərhədləri açması ABŞ-ı qane edir.

    ATƏT-in Mİnsk Qrupunun vasitəçiliyi barədə bəyanatlar isə daha çox Rusiyaya ünvanlanıb. Artıq həmsədrlərin son zamanlar regiona səfərlərinin dayanması onun tamamilə fəaliyyətsiz formata çevrildiyinmi təsdiq edir. ATƏT-in fəaliyyətdə olan sədri Ann Linderin mart ayında Bakıya və İrəvana səfəri zamanı münaqişənin həlli yollarını deyil, əsasən işağldan azad olunan bölgələrin yenidən bərpası, Azərbaycvan və Ermənistan arasında əməkdaşlığın yaranması kimi məsələləri müzakirə etməsi artıq vasitəçi təşkilatın mövcud reallığı qəbul etdiyini təsdiq etdi.

    Müəyyən mərhələdən sonra ABŞ diplomatlarının da vaxtilə Azərbaycana təklif etdiyi kimi, ermənilərə də gerçəkilə barışmağı deyəcəyi şübhə doğurmur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR