Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılıb. O, Cənubi Hərbi Dairə komandirinin müavini general-leytenant Aleksey Avdeevlə əvəzlənib. Təyinatla bağlı müxtəlif iddialar var. Qanuna görə, kontingent komandirləri hər altı aydan bir rotasiya əsasında dəyişdirilir. Lakin heç bir tərəfin etirazı olmursa, səlahiyyət müddəti uzadıla bilər. Ola bilsin, hansısa “əmma” çıxıb…
Hərbi-siyasi ekspert Həşim Səhrablı təyinata səbəb olacaq ehtimallarla bağlı fikirlərini “Sherg.az”la bölüşdü:
“Bunun Muradovun fəaliyyətsizliyi və ya gördüyü işin Moskvada bəyənilməməsi ilə əlaqəsi yoxdur. Hər halda o, Rusiyanın ordu generalitetində bəyənilən, seçilən tək-tük adamlardandır. Qarabağa sülhməramlıların komandanı kimi məhz onun təyin edilməsi də təsadüfi deyildi. Sadəcə qanuna görə belə hallarda 6 aydan sonra mübahisəli tərəflər arasında narazılıq çox olanda komandan dəyişilə bilər.
Bildiyimiz kimi, 10 noyabr razılığından sonra silahlı insident olmamasına rəğmən düşmənin əsassız haray-həşiri səngimir. Ola bilsin, Muradov özü də başa düşüb ki, sabitlik yaratmaq mümükün deyil. Əslində bəzi ekspertlər analoji fikirlər səsləndirmişdilər: sülhməramlıların fəaliyyəti bir ildən artıq özünü doğrultmayacaq”.
H.Səhrablının sözlərinə görə, yeni təyinat Qarabağdakı durumu dəyişməyəcək:
“Çünki tərəflər Muradova görə mübahisə eləmirlər. Yəni səbəb həmin general deyil. Bundan sonra hətta Rusiya müdafiə naziri Sergey Şoyqu eyni vəzifəyə təyin edilsə belə, müsbət nəticə əldə edilməyəcək. Sabitliyin yaranmasından ötrü komandan dəyişilməli deyil, ədalətli həll yolu tapılmalıdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.