AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Artıq Xocalıdan, Xankəndidən danışa bilərik - Proses buna doğru gedir...

  • + A
  • - A
  • 29-03-2022, 08:33

    Artıq Xocalıdan, Xankəndidən danışa bilərik - Proses buna doğru gedir...


    2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Xocalının Fərrux kəndi bölgədə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının nəzarətinə keçmişdi. Ancaq ermənilərin qanunsuz silahlı dəstələri 30 il əvvəlki kimi yenidən Fərruxdan atəş açmağa və regionda atəşkəsi pozmağa başladı.

    Nəticədə Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizlədi. Lakin bundan sonra Rusiya Müdafiə Nazirliyi öz ifadəsi elə desək, “Dağlıq Qarabağ münaqişəsi zonası”nda sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat yayıb. Məlumatda qeyd olunub ki, “martın 24-dən 25-dək Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub və “Dağlıq Qarabağ” ərazisində müşahidə məntəqəsi qurub”. Rusiya tərəfi vurğulayıb ki, Moskva sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür: “Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib”.

    Məlum bəyanat ölkə ictimaiyyəti və rəsmi Bakı tərəfindən çox sərt qarşılanıb. Rusiya Müdafiə Nazirliyinin məlumatı üçtərəfli sazişlə yanaşı, həmçinin 2022-ci il fevralın 22-də imzalanmış “müttəfiqlik haqqında” Bəyannamənin kobud şəkildə pozulması kimi dəyərləndirilib. Həmçinin, açıqlamada yenidən “Dağlıq Qarabağ” və “Dağlıq Qarabağ respublikası” ifadələrinin işlədilməsinin yolverilməz təxribat olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə qarşı Rusiyanın bu cür təhdidləri qəbuledilməzdir.
    Rusiya tərəfinin absurd bəyanatına Azərbaycan Müdafiə Nazirliyi də cavab verib. Nazirlikdən bildirilib ki, açıqlamada əks olunan məqamlar həqiqətə uyğun deyil.

    Bəyan edilib ki, Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib: “Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir. Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Bu ifadənin işlənməsi Rusiya tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Azərbaycanın Xocalı rayonunda "Furux" adlı kənd yoxdur. Qeyd edilən kəndin adı Fərruxdur”.

    Azərbaycan Müdafiə Nazirliyinin məlum reaksiyasından sonra Rusiya MN-in saytından həmin açıqlama silinib. Ekspertlərə görə, Kremlin qərəzli bəyanat yayması səbəbsiz deyil. Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Şərq”ə açıqlamasında bildirib ki, proses 1 aya yaxındır davam edirdi. Polkovnik bildirib ki, Azərbaycan tərəfi konkret bəyan etmişdi ki, həmin ərazilərdə ölkəmizin suverenliyi dərhal bərpa olunmalıdır. Hətta bununla bağlı bölgədə yaşayan ermənilərə müraciət də edilmişdi. Xəbərdarlıq olunmuşdu ki, qeyri-qanuni silahlı birləşmələr ərazini tərk etməlidir. Qalmaq istəyən sivil ermənilər isə Azərbaycanın qanunları çərçivəsində yaşamağı qəbul etməlidir: “Əfsuslar olsun ki, separatçılar bu məsələni mümkün qədər yubatdılar. Nəticədə Azərbaycan dövləti qəti addımlar atmaq məcburiyyətində qaldı. Artıq elan olunub ki, Fərrux kəndi və yüksəkliyi Azərbaycan Ordusunun nəzarəti altındadır.

    Rusiya sülhməramlıları prosesə mane olmaq üçün maksimum dirəniş göstərdilər. Lakin Müdafiə Nazirliyi aldığı tapşırığı tam şəkildə və uğurla yerinə yetirdi. Ermənilərin bir-iki cəhdinin qarşısı Ordumuz tərəfindən dərhal alındı. Fərrux kəndinin bizdə olması o deməkdir ki, artıq Xocalıdan, Xankəndidən danışa bilərik. Əslində 2020-ci ildə bu məsələni həll etməliydik. Rusiyanın müdaxiləsi prosesi yubatdı, hədəfləri arxa plana keçirtdi. Rusiya Müdafiə Nazirliyinin absurd bəyanatı da kobud müdaxilə cəhdi idi. Lakin rəsmi Bakının sərt reaksiyasından sonra Kreml günün sonunda bəyanatı nazirliyin saytından çıxartdı.

    Ordumuz qısa zamanda və ciddi güc sərf etmədən Fərrux yüksəkliyini nəzarət altına aldı. Yaxın həftələrdə başqa ərazilərlə bağlı məlumatlar olacaq. Bu istiqamətdə ciddi işlər görülür, rus sülhməramlıların iştirakı ilə ermənilər arasında təbliğat işi aparılır.

    Qanuni tələblərimiz yerinə yetirilərsə, problem yaşanmaz. Əks halda separatçıların təxribatçı hərəkətlərinə Fərrux yüksəkliyində olduğunu kimi çox sərt cavab veriləcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR