26 iyul tarixində Sağlamlığa Xidmət İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihəsinin növbəti tədbiri Salyan rayon Mərkəzi Xəstəxanası PHŞ-in vərəm şöbəsində keçirilib. QHT.az xəbər verir ki, icra olunan layihənin əsas məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vərəm xəstələrini, onların ailə üzvlərini, yaxın kontaktlarını məlumatlandırmaq və vərəmin erkən aşkarlanmasına dəstək göstərməkdir.
İlk öncə layihə əməkdaşları Salyan rayon Mərkəzi Xəstəxanasının direktoru, doktor Şirinxanım Səmədova ilə görüşüb, tədbirin məqsədi barəsində ətraflı məlumat veriblər. Doktor Şirinxanım Səmədova regionlarda infeksion xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsinin çox vacib olduğunu vurğulayıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən həkim-ftiziatr Xanış Abbasov tədbiri açıq elan edərək, "Sağlamlığa Xidmət" İctimai Birliyinin vərəm xəstələri və onların yaxın təmasları arasında keçirilən maarifləndirici tədbiri təqdirəlayiq hesab edərək, belə önəmli maarifləndirici tədbirlərin məhz xəstələr arasında davamlı olaraq keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Daha sonra Salyan rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin aparıcı məsləhətçisi Məhərrəm Məmmədov belə önəmli və əhəmiyyətli tədbirlərin keçirilməsində dəstəyi olan bütün əməkdaşlara təşəkkürünü bildirib və bundan sonra da davamlı olaraq bu cür tədbirlərin keçirilməsini arzu edib.
Layihə rəhbəri Samirə Muxtarova da tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkil olunmasında böyük dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan TƏBİB-in rəhbərliyinə, xüsusilə Ramella Osmanovaya, Salyan rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Salyan rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin aparıcı məsləhətçisi Məhərrəm Məmmədova, Salyan rayon Mərkəzi Xəstəxanasının direktoru Şirinxanım Səmədovaya, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Leyla Nəsirovaya, Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkim-ftiziatrı Xanış Abbasova və bütün tibb personalına minnətdarlığını bildirib.
Daha sonra doktor Samirə Muxtarova təqdimat vasitəsilə iştirakçılara hava-damcı yolu ilə yayılan vərəm xəstəliyi barəsində geniş məlumat verərək, xəstəliyin profilaktikası, onun yoluxma yolları, erkən aşkarlanmanın əhəmiyyəti, vərəmin diaqnostikası və müalicəsində ÜST-ün ən son yenilikləri ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb. Layihə rəhbəri onu da qeyd edib ki, xəstəlik nə qədər erkən aşkar olunub tam kompleks müalicə edilərsə, effektivliyi bir o qədər yüksək olar. Eyni zamanda, düzgün müalicə olunmadıqda asan sağala bilən dərmana həssas vərəm formasının, çətin sağala bilən dərmana davamlı vərəm formasına çevrilməsini də bildirib. Onu da qeyd edib ki, vərəmin vaxtında aşkar edilməsi onun effektiv müalicəsi üçün böyük rol oynayır. Bu baxımdan xəstələr təyin edilən müalicəni fasilə vermədən sona qədər davam etməli, kontaktlar isə profilaktik müayinədən keçməlidirlər. ÜST-ün 2030-cu ilə qədər vərəmə son qoymaq strategiyası barəsində ətraflı məlumat verən doktor Samirə Muxtarova tədbir iştirakçıları ilə bərabər "Biz birlikdə vərəmə qalib gələcəyik" şüarını səsləndiriblər. Həmçinin, sonda vərəmlə bağlı məlumatlandırıcı sosial videoçarx nümayiş olunub. İnteraktiv şəkildə keçən tədbirdə layihə rəhbəri Samirə Muxtarova vərəmlə bağlı iştirakçıların çox saylı suallarını cavablandırıb.
Layihə çərçivəsində psixoloq doktor Mətanət Qaraxanova psixoloji dəstək mövzusunda əhalinin ən həssas qrupu olan vərəm xəstələrinə, onların yaxın təmaslarına və orta tibb işçilərinə təqdimat vasitəsilə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
İştirakçılara vərəm xəstəliyi barədə maarifləndirici bukletlər paylanıldı. Layihənin icrası zamanı layihənin vizuallığını və əhəmiyyətliyini təmin etmək məqsədi ilə banerdən istifadə edilib. Tədbir ZOOM proqramı vasitəsilə canlı yayımlanıb. "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihəsinin üçüncü tədbirində 50 nəfərin məlumatlandırılması təşkil olunub.
Sonda xatirə olaraq qrup foto çəkilib.
Qeyd edək ki, növbəti tədbirlər Masallı, Sabirabad və Ağcabədi rayonlarında keçiriləcək.