“Sağlamlığa Xidmət” İctimai Birliyi (İB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihəsinin icrasını davam etdirir.QHT.az xəbər verir ki, layihə çərçivəsində 2024-cü il avqustun 22-23-də Ağcabədi rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib. Layihənin məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vərəm xəstələrini, onların ailə üzvlərini, yaxınlarını məlumatlandırmaq və vərəmin erkən aşkarlanmasına dəstək göstərməkdir. Tədbir zamanı layihənin əməkdaşları ilk növbədə Ağcabədi RMX PHŞ-in baş həkimi Elnur Abdullayevlə görüşüb, tədbir barəsində ətraflı məlumat veriblər. Tədbirdə "Sağlamlığa Xidmət" İctimai Birliyinin direktoru, Vərəm əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı, "Sağlamlığa Xidmət" İctimai Birliyinin direktor müavini, layihə rəhbəri Samirə Muxtarova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin koordinatoru, Vərəm əleyhinə QHT Koalisiyasının üzvü Mətanət Qaraxanova iştirak ediblər.
Vərəm şöbəsinin müdiri həkim Mirnəcəf Cəfərov və “Sağlamlığa Xidmət” İB-nin sədri Elçin Muxtarlı açılış nitqi ilə çıxış edərək, qonaqları və iştirakçıları salamlayıblar. Mirnəcəf həkim çıxışı zamanı Ağcəbədi rayonu üzrə vərəmlə bağlı məlumatı diqqətə çatdırıb, keçirilən yüksək səviyyədə maarifləndirici tədbiri təqdirəlayiq hesab edib. Bu cür önəmli tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra layihə rəhbəri Samirə Muxtarova da iştirakçıları salamlayaraq, tədbiri açıq elan edib. Tədbirin təşkil olunmasında yaradılan şəraitə və imkanlara görə Qeyri-Hökumət Təşkilatlarına Dəstəyi Agentliyin rəhbərliyinə, TƏBİB-in rəhbərliyinə, Ağcabədi rayon İcra Hakimiyyətinin rəhbərliyinə, RMX PHŞ-in rəhbərliyinə, ümumi şöbənin müdiri Xəyal Zeynalova, vərəm şöbəsinin müdiri Mirnəcəf həkimə və bütün tibb personalına minnətdarlığını bildirib. Sonra təqdimat vasitəsilə iştirakçılara hava-damcı yolu ilə yayılan vərəm xəstəliyi barəsində geniş məlumat verərək, xəstəliyin profilaktikası, onun yoluxma yolları, erkən aşkarlanmanın əhəmiyyəti, vərəmin diaqnostikası və müalicəsində ÜST-ün ən son yeniliklərilə bağlı məlumatlarını iştirakçıların diqqətinə çatdırıb. Layihə rəhbəri onu da qeyd edib ki, xəstəlik nə qədər erkən aşkar olunub, tam kompleks müalicə edilərsə, effektivliyi bir o qədər yüksək olar. Eyni zamanda düzgün müalicə olunmadıqda asan sağala bilən dərmana həssas vərəm formasının, çətin sağala bilən dərmana davamlı vərəm formasına çevrilməsini də bildirib. Onu da qeyd edib ki, vərəmin vaxtında aşkar edilməsi onun effektiv müalicəsi üçün böyük rol oynayır. Bu baxımdan xəstələr təyin edilən müalicəni fasilə vermədən sona qədər davam etməli, kontaktlar isə profilaktik müayinədən keçməlidirlər.
Lahihənin psixoloqu Mətanət Qaraxanova psixoloji dəstək mövzusunda iştirakçılara ətraflı məlumat verib. Layihə çərçivəsində layihənin viziuallığını və əhəmiyyətliyini təmin etmək məqsədilə banerdən istifadə edilib. "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihənin sonuncu, altıncı tədbirində 37 nəfər şəxsin məlumatlandırılması təşkil olunub. İnteraktiv şəkildə keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb və qrup foto çəkilib.
Qeyd edək ki, analoji tədbirlər Sumqayıt, Şirvan şəhərlərində, Salyan, Sabirabad və Masallı rayonlarında keçirilib.