“Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinin Nəşriyyat Departamentinin direktoru Sevil İsmayılovanın adı
Amerika Birləşmiş Ştatları Konqresinin Kitabxanasının Səlahiyyətli Adlar Reyestrinə daxil edilib1800-cü ildə yaradılan ABŞ Konqres Kitabxanası dünyanın ən böyük kitabxanalarından biridir. 470 dildə 150 milyondan çox kitabın, 58 milyon əlyazmanın, son üç əsrdə dünyada nəşr olunmuş 1 milyondan çox qəzetin və s. qorunduğu kitabxanaya hər il оrtа hеsаblа 2 – 2,5 milyоnа qədər охucu və müхtəlif infоrmаsiyа tələbаtçılаrı gəlir. Və nə yaxşı ki, son dövrlərdə bu kitabxanaya Azərbaycan kitabları da hədiyyə edilməkdədir. Son məlumatlara görə, burada artıq 6 mindən çox Azərbaycan dilində çap edilmiş kitab mövcuddur. Və ən maraqlı faktlardan biri də kitabxanada həmyerlimiz, azərbaycanlı Müjgan Nəzərovanın çalışmasıdır.
Nəzərinizə çatdıraq ki, Müjgan xanım ABŞ-nin ən yaxşı kitabxana məktəblərində (Şimali Karolina Universitetində İnformasiya və Kitabxana Elmləri Məktəbi və Çapel Hill Universitetində İnformasiya Elmləri Məktəbi) kitabxanaşünaslıq üzrə magistr və doktorluq dərəcəsi almış ilk azərbaycanlı qadındır. O, uzun illər ABŞ-nin Azərbaycandakı səfirliyinin kitabxanasına rəhbərlik edib. Son 10 ildə isə Azərbaycandan və Orta Asiya ölkələrindən Konqres Kitabxanasına gələn bütün kitabları toplayıb kataloqlaşdırmaqla məşğuldur.
Bu günlərdə məhz onun vasitəsilə maraqlı və çox əhəmiyyətli bir xəbər əldə etmişik. Belə ki, “Şərq-Qərb” ASC-nin Nəşriyyat Departamentinin direktoru Sevil İsmayılovanın adı çoxlu sayda kitabın nəşrinə cavabdeh bir mütəxəssis kimi Konqres Kitabxanasının Səlahiyyətli Adlar Reyestrinə (https://authorities.loc.gov/) daxil edilib. Şübhəsiz ki, bu siyahıya düşmək üçün kitabxananın ciddi meyarlarına cavab vermək tələb edilir. Bununla bağlı Sevil İsmayılovanın dediklərindən: “Bu mənim üçün çox mühüm hadisə idi. Çünki uzun illər işlədiyim müddətdə ilk dəfədir ki, belə bir beynəlxalq əhəmiyyətli dəyərlə qarşılaşıram. Məsələ burasındadır ki, ABŞ Konqres Kitabxanası dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan müxtəlif yollarla kitablar alır. Bu, kitab alqı-satqısı ilə məşğul olan şirkətlər, dünyanın aparıcı kitabxanaları ilə mövcud kitab mübadiləsi müqavilələri əsasında birbaşa alış-veriş, habelə ayrı-ayrı şəxslər və təşkilatlar, o cümlədən səfirliklər, nəşriyyatlar və s. vasitəsilə olur. Məsələ burasındadır ki, Azərbaycan Milli Kitabxanasından daxil olan kitablar arasında bizim şirkətdən olan kitablar mühüm yer tutur. Bu da təəccüblü deyil, çünki “Şərq-Qərb” 38 ildir uğurla fəaliyyət göstərir və bu müddət ərzində bir çox mühüm, o cümlədən ölkə əhəmiyyətli layihələri həyata keçirib. Onların arasında Azərbaycanın mədəniyyətinə və incəsənətinə aid çoxlu sayda kitablar, o cümlədən görkəmli rəssamlarımıza, bəstəkarlarımıza, memarlarımıza və digər yaradıcı insanlara həsr olunmuş kitablar var. Mənim adımın öz ölkəsində kitab nəşr etməkdə ən böyük xidməti olan insanlarla birlikdə Konqres Kitabxanasının Reyestrinə daxil edilməsi isə təkcə mənim deyil, ən müasir çap avadanlıqları ilə təchiz olunan, qabaqcıl texnologiyalardan istifadə edən, üç dəfə beynəlxalq İSO Keyfiyyət İdarəetmə Sistemi sertifikatının sahibi olmuş “Şərq-Qərb” ASC-nin fəaliyyətinə verilən yüksək dəyərdir”.
Onu da qeyd edək ki, Sevil İsmayılovanın adı “Şərq-Qərb” ASC-nin onun iştirakı ilə nəşr olunmuş bütün kitablarının siyahısını əks etdirən elektron Reyestrdə keçiddir. Bundan əlavə, burada əks etdirilən bütün biblioqrafik və səlahiyyətli qeydlər avtomatik olaraq bütün dünya mütəxəssisləri tərəfindən istifadə olunan Dünya Kataloquna (WORLDCAT) köçürülür.
Uzun illər nəşriyyata rəhbərlik edən və imzası olan kitabların sayı milyonlarla nüsxə olan Sevil İsmayılova Səlahiyyətli Titullar Reyestrində və ABŞ Konqres Kitabxanasının kataloqunda azərbaycanlı mütəxəssisin adının görünməsi təkcə onun üçün, nəşriyyat üçün deyil, həm də Azərbaycan üçün vacib bir məqam adlandırıb: “Azərbaycanda nəşr olunan kitabların dünyanın ən böyük kitabxanalarından birinin kolleksiyasına daxil olması mənim üçün böyük şərəfdir! Ona görə də belə yüksək qiymət mənə daha da böyük stimul və ölkəmin rifahı naminə çalışmaq istəyi yaradır. Azərbaycan nəşriyyatının direktorunun adının ABŞ Konqres Kitabxanasının reyestrinə və kataloquna salınması isə ölkəmizin yüksək inkişaf səviyyəsinin ən yaxşı göstəricisidir!”