Bu gün Bakı şəhərində "Ekoleks" Ekoloji Hüquq Mərkəzi tərəfindən "Yaşayış binalarında yaşıl düşüncə ilə enerji səmərəliyinin artırılması" layihəsi çərçivəsində Yaşayış binalarında enerji səmərəliliyinin artırılması mövzusunda seminar keçirib. Seminar Azərbaycan Respublikasının Qeyri-Hökuməәt Təәşkilatlarına Dövləәt Dəstəyi Agentliyinin maliyyə yardımı ilə baş tutmuşdur. Bu seminarın məqsədi enerji səmərəliliyi sahəsində mövcud problemləri müzakirə etmək, hüquqi və siyasi çərçivəni təhlil etmək və dövlət-biznes əməkdaşlığını gücləndirmək idi.
QHT.az xəbər verir ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Energetika Nazirliyinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Mənzil Kommunal istismar sahələrinin, Bələdiyyələrin bu sahə üzrə mütəxəsisləri, ətraf mühit və enerji sahəsində mütəxəssislər, QHT-lər, ixtisaslaşan mütəxəssislər, alimlər, dövlət orqanlarının, vətəndaş cəmiyyəti nümayəndələri və mütəxəssisləri, Memarləq və İnşaat Universitetinin tələbələri iştirak ediblər.
Tədbirin açılışında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev iştirakçıları nazirliyin adından salmlayaraq, nazirlik tərəfindən enerji səmərəliliyi sahəsində görülən işlər, atılan addımlar və gələcək planlar haqqında ətraflı məlumat verdi. Onun ardınca "Ekoleks" Ekoloji Hüquq Mərkəzinin rəhbəri Sevil İsayeva layihənin məqsədləri və seminarın əhəmiyyəti barədə iştirakçılara məlumat verdi. O vurğuladı ki, yaşayış binalarında enerji səmərəliliyi yalnız ekoloji fayda verməklə qalmır, eyni zamanda iqtisadi baxımdan da cəmiyyətə müsbət təsir göstərir.
Layihənin eksperti Samir İsayev, “Yaşayış binalarında enerji səmərəliliyinin siyasi və hüquqi məsələləri” mövzusunda çıxış edərək bildirdi: “Yaşayış binalarında enerji səmərəliliyinin artırılması üçün düzgün hüquqi çərçivə və dövlət dəstəyi olduqca vacibdir. Bunun üçün qanunvericilikdə təkmilləşdirmələr və maliyyə stimulları nəzərdə tutulmalıdır.” O, həmçinin bu sahədə hüquqi boşluqların aradan qaldırılmasının vacibliyini vurğuladı.
Daha sonra professor Nurməmməd Məmmədov çıxış edərək “Yaşayış binalarında enerji səmərəliliyi və ekoloji problemlər” mövzusunda məruzə etdi. “Yaşayış binalarında enerjinin israf olunması təkcə ekoloji problemlərə deyil, eyni zamanda, iqtisadi itkilərə də səbəb olur. Müasir texnologiyalar vasitəsilə bu problemləri effektiv şəkildə həll etmək mümkündür.” O, çıxışında enerjiyə qənaət texnologiyalarının əhəmiyyətini və mövcud tikililərdə bu texnologiyaların tətbiqini xüsusi vurğuladı.
Mütəxəsis Çingiz Nəzərov, “Yaşayış binalarında enerji səmərəliliyi üzrə bələdiyyə və mülkiyyətçilərin əməkdaşlığı” mövzusunda çıxış etdi. O çıxışında vurğulandı ki, bələdiyyələr və mülkiyyətçilər arasında əməkdaşlığın genişlənməsi enerji səmərəliliyi tədbirlərinin uğurla həyata keçirilməsi üçün vacibdir. Seminarın sonunda iştirakçılar arasında fikir mübadiləsi aparıldı və enerji səmərəliliyinə nail olmaq üçün dövlət və biznes qurumları arasında əməkdaşlığın inkişafı müzakirə edildi. İştirakçılar bu sahədə atılacaq addımlar barədə tövsiyələr irəli sürdülər. Bu tövsiyələr əsasən enerji səmərəliliyi tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasına və dövlət-biznes əməkdaşlığının inkişafına yönəldilmişdir.
Tədbir uğurla başa çataraq enerji səmərəliliyi sahəsində dövlət qurumları, biznes sektoru və mütəxəssislər arasında səmərəli dialoq və təcrübə mübadiləsinə şərait yaratdı. Bu seminar nəticəsində əldə olunan tövsiyələr və təkliflər yaxın gələcəkdə enerji səmərəliliyi sahəsində yeni təşəbbüslərin yaranmasına təkan verəcəkdir.