"Xınalıq UNESCO-da 1 il" mövzusunda təşkil edilən media-turda bəndəniz də vardı. Xınalığa 2-ci səfərim idi, 1 il ərzində görülən işlərlə tanış olmaq üçün 40-dan çox həmkarlarla birgə getmişdik.
Ürəyinizdən Xınalığa getmək keçsə, mütləq rahat ayaqqabı geyinin və qalın geyimlər götürün. Qonaq qalmaq istəsəz, 3 dəfə qidalanma və gecə qalmaq 1 nəfər üçün 35 manatdır.
Xınalıq xalqının köçəri yaşayış tərzi, unikal dili, Qafqaz dağlarında məskun salmış qədim memarlıq ənənələri və Xınalıq icmasının mürəkkəb təbii şəraitə uyğun şəkildə yaşayış qaydaları bu ərazinin müstəsna ümumbəşəri dəyərlərini əks etdirir.
...Yenə bizi əllərində yun corab, papaq satan qırmızıyanaq sağlam görünüşlü balacalar qarşıladı. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə adam özünü tamam başqa məkanda hiss edir.
Həvəngdəstədə buğda üyüdülür, atlar nallanlr, yundan ip əyrilir. İnsanlar ənənələrini yaşadırlar. Atlar gedişdən asılı olaraq azı, 2 aydan bir nallanır. İp əyirən xanımlar deyir təlabat olanda il ərzundə 12 xalça toxuduğumuz vaxtlar da olub. Kəndin 2 minə yaxın sakini var. Qışla əlaqədar cavanlar Haclqabul yolundakı qışlağa gediblər. Kənddə yaşlılar və uşaqlar qalıb.
Kəndin mollası
Yusif Şabanovla söhbət edirik, deyir əvvəllər kənddə boşanma və xəstəlik halları olmazdı. Təəssüf ki, qidalar xoşagəlməz halları Xınalıq dağlarına da aparıb çıxarıb.
Mediaturda Xınalıq və Köç yolu mədəni landşaftının Ümumdünya irsi elan olunduqdan sonrakı bir il ərzində görülən işlər barədə məlumat verildi.
Keçən ildən bəri əsas üstünlük "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda strukturlaşdırma işlərinin tamamlanmasıdır. Dövlət Turizm Agentliyinin müşaviri
Kənan Quluzadədən öyrənirik ki, UNESCO Dünya İrs Komitəsinin qaydaları əsasında bərpa-konservasiya sahəsinə dair vacib sənədlər artıq hazırdır, qoruqla bağlı məlumat bazasının yaradılması üzrə işlərə başlanılıb.
Bərpa işlərində fəhlə kimi çalışanlar yerli sakinlərdir, bu, həm də işsizliyin aradan qaldırılmasına tövhədir. Bir neçə il ərzində kənd əhalisinin demək olar 90 faizi müəyyən fasilələrlə işə cəlb olunub
Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin əsaslı tikinti şöbəsinin rəisi
Elşən Ağalarov təmiri bitən evləri göstərərkən qeyd etdi ki, mürəkkəb relyef, sərt iqlim səbəbilə Xınalığın təmir-bərpa işləri may-oktyabr aylarında aparılır. Tikinti materiallarının əraziyə daşınması özü bir qəhrəmanlıqdır. Yayda daşqlnlar səbəbi ilə uçan körpünün hələ də bərpa edilmədiyini nəzərə alsaq, Xınalığın bərpasına çalışanları qəhrəman adlandırsaq, yanılmarıq.
Bərpa-yenidənqurma həm də ona görə çətindir ki, əsas mədəni irs dəyər atributlarını özündə daşıyan memarlıq elementlərinin qorunması və konservasiyası mütləqdir.
Kəndin memarlığının özündə daşıdığı tarixi dəyərləri qorumaq məqsədilə 2020-ci ildən etibarən Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işləri aparılıb, 41 ev tamamilə təmir-bərpa olunaraq əhalinin istifadəsinə verilib.
Növbəti iki ildə daha 19 evin təmir-bərpası planlaşdırılır. Xınalıq kəndindəki evlər əsasən iki mərtəbədən ibarət olur, 18 min kv. metrdən çox ərazini əhatə edir.
Dövlət Turizm Agentliyinin rəhbəri
Fuad Nağıyev bildirdi ki, mövcud mürəkkəb relyef və çətin hava şəraiti ilə yanaşı, öncədən planlaşdırılan iş həcminin sonradan artması da inşa işlərinin uzanmasına və daha çox maliyyə vəsaitinin xərclənməsinə səbəb olur.
Xınalıq kənd sakinlərinin çoxsaylı müraciətləri əsasında onların daha rahat şəraitin yaradılması məqsədilə, öncədən layihədə nəzərdə tutulmayan tikililərin - təndirxanalar, sanitar qovşaqları, heyvanların saxlanması üçün tövlələr və s. da inşası da sonradan işlərə əlavə edilib ki, bunlar da yekunda xərclərin ciddi artımına yol açıb.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin memarlıq-tikinti işlərinə nəzarət üzrə məsləhətçisi
Nizami Qasımov - "Başqa daha hansı layihələr hazırda icra edilir?" sualımıza cavab olaraq bildirdi ki, Xınalığın bərpası bizdə hardasa 22 layihədən biridir. Bundan başqa, hazırda 21 obyekt üzrə işlər görür. Təkcə icra yox, həm icra, həm layihələndirmə, həm ekspertiza, həm tender etapında olan işlər var. Şəki, Basqal, Lahıc və Şəkidə hazırda ikinci tamamlama işləri gedir. Bu yaxınlarda onıarı təhvil verməyə hazırlaşırıq. Bizim bunlardan başqa Qarabağda da işlərimiz var. Xocavənd və Tuğda layihələndirmə gedib, bəzilərində rəyi gözləyirik.
Dünya İrs Komitəsinin tövsiyələri əsasında Xınalıq memarlığının atributlarını qorumaq məqsədilə bərpa-təmir işlərində yüksək qiymətli xüsusi tikinti materiallarından istifadə olunması da xərclərə təsir edən amillərdən biridir.
Xınalığın UNESCO dünya irsi elan olunması yerli və xarici turistlərin kəndə diqqətini artırıb və bu baxımdan yeni turizm məhsullarının yaradılması kənd əhalisi arasında özünüməşğulluğun inkişaf etməsinə səbəb olub. DTA tərəfindən “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya qoruğu ərazisində kempinq, haykinq kimi turizm məhsullarının yaradılması istiqamətində də işlər aparılıb.
Biz orda olarkən Hollandiyadan, İspaniyadan, Hindistandan olan turistlər vardı. Yerli sakinlərin əksəri və uşaqları ingiliscə turistlərlə danışa bilirlər.
Xatırladaq ki, Dövlət Turizm Agentliyinin tabeliyində “Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu 2023-cü il sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yaradılıb. Bundan bir müddət sonra 2023-cü il sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya irs siyahısında daxil edilməsinə dair qərar qəbul edilib.
Elnurə Abuşova,
Bakı-Xınalıq-Bakı