Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə iş" layihəsi uğurla başa çatıb.
QHT.az xəbər verir ki, layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan, xüsusən də daun sindorumlu və autizm spektrində olan uşaqları böyüdən ailələrin həyatına müsbət təsir göstərməkdir. Təlimlər vasitəsilə valideynləri gücləndirməyə və bu müstəsna uşaqların ümumi rifahına və inkişafına töhfə verməkdir. Eləcə də, xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafına hərtərəfli yanaşmanı vurğulamaq, hər bir uşağın fərdiliyini dərk etmək və onların unikal tələblərinə cavab verməkdir. Layihə çərçivəsində Loqoritmika Reabilitasiya və İnkişaf Mərkəzində ümumilikdə 8 seminar keçirilib. Hər bir təlimdə 10 nəfər valideyn olmaqla ümumilikdə 80 valideyn iştirak edib.
Təlimçi peşəkar psixoloq Vüsalə Əhmədova xüsusi qayğıya ehtiyacı olan uşaqların erkən inkişaf dövrü, nitq inkişaf prosesi, uşaqlarda yaranan davranış pozuntuların səbəbləri, cinsi tərbiyənin əhəmiyyəti, uşaqların məktəbəqədər və məktəb dövləri, diqqət və təfəkkürün inkişafı, sosial mühitə adaptasiyası, valideyn-övlad münasibətləri mövzusunda iştirakçıları məlumatlandırıb.
Birliyin sədri Xanım İsazadənin dəvəti ilə Pediatr-endokrinoloq Aygün Musayeva layihə müddətində iştirak edib, valideynləri endokrinoloji xəstəliklərin və hormonal pozğunluqların uşaq inkişafına təsiri, erkən diaqnostika üsulları və düzgün müalicə yolları ilə tanış edib. O, bu sahədə geniş təcrübəsi ilə valideynlərə uşaqlarının tibbi ehtiyaclarını daha yaxşı anlamalarına və onlara düzgün qayğı göstərmələrinə kömək edəcək praktik məsləhətlər verib. Təlim zamanı valideynlər öz suallarını vermiş və fərdi vəziyyətlərlə bağlı məsləhət almaq imkanı qazanıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.