Övladı Sumqayıt şəhəri 11 saylı məktəbdə təhsil alan və adının çəkilməsini istəməyən valideyn 6-cı sinif şagirdi olan oğlunun bu ilin yanvar ayının ortalarından bullinqə məruz qaldığını bildirib.
Oxu.Az-ın redaksiyasına müraciət edən valideyn qeyd edib ki, övladı bir neçə dəfə döyülüb və psixoloji şiddət görüb:
"Siniflərində müəyyən qruplaşma var. İlk dəfə bir şagird övladımın əlini tutub, digəri döyüb, qalan uşaqlar da gülüblər. Bu psixoloji və fiziki şiddət bir aydan çox davam edib.
Yanvarın 16-da söhbətdən xəbərim olub. Yanvarın 17-də direktorun qəbuluna getdim. Direktor məni dinləmədən katibəyə yönəltdi. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə xanım məni məktəbə çağırdı, psixoloq da gəldi, hadisə danışıldı. Uşaqlara suallar verildi. Həmin o qruplaşan uşaqlar dedilər ki, guya günah mənim övladımdadır. Sinifdəki şagirdlər övladımı döyən uşağın söydüyünü desələr də, direktor reaksiya vermədi, dedi, eybi yox, uşaqdırlar.
Sonradan müəllimlər də mənə qarşı çıxdılar ki, övladın dərslərində zəifdir. Mən də izah edə bilmirəm ki, dərslərində zəifdir, lakin tərbiyəsi yerindədir. Döyən uşaq da dərslərində zəifdir. Təlim-tərbiyə işləri üzrə direktor müavini və direktor həmin fiziki şiddət göstərən uşağın tərəfini tutdular. Halbuki obyektiv yanaşmalı idilər".
Valideyn bildirir ki, əlində dəlillər var:
"O uşaq oğlumun nömrəsinə söyüşlər yazıb, səsləri var. Bunu direktora göndərəndən sonra yenidən bizi çağırdılar. Övladımı döyən uşağın valideyni bu dəfə mənimlə çox kobud tonda danışdı, qışqırdı. Direktor ümumi danışdı, aranı sakitləşdirdi. Sonradan uşaqları barışdırdılar. Oğlum axşam dedi ki, biz barışmışıq, sinif mehribandır, özüm də bilmirəm, nə olub ki, belə dəyişdilər. Mən düşündüm ki, məsələ həll olunub. Amma həmin günün axşamı valideyn mənə təhdid dolu mesajlar göndərdi.
Dünən həmin uşağın anası və dayısı məktəbə gəliblər, hansısa müəllimin dərsində müəllimin və uşaqların yanında övladıma hücum çəkiblər, psixoloji şiddət göstəriblər. Məsələ o həddə çatıb ki, dayısı bacısını tutub kənara çəkib, psixoloji şiddət o həddə çatıb ki, övladım ağlayıb.
Direktor yenə o valideyni dəvət etdi, lakin xeyri yoxdur. Fiziki şiddət dayansa da, dünənə kimi övladıma psixoloji şiddət davam edib. Direktor istəyir ki, danışıq yolu ilə həll olunsun, lakin valideyn problem yaradır.
Əvvəl şagirdlər övladıma qarşı bullinq edirdilər, indi valideyn də edir. Bu məsələdə də direktor məni sakitləşdirməyə çalışır. Maraqlısı burasındadır ki, həmin direktor heç bir tədbir görmək istəmir. Övladım döyüləndə kamera görüntülərini istədim. Direktor dedi ki, xərc çəkmişəm, işləyir. Lakin texniki işçi gələndən sonra məlum oldu ki, həmin otaqda kameralar işləmir. Ümumiyyətlə, bir neçə sinfin kameraları işləmir. Ona görə görüntüləri əldə edə bilmədim. Fikrimcə, kameralar işləyir, gizlədirlər".
Məsələ ilə bağlı mövqeyini öyrənmək üçün Sumqayıt şəhəri 11 saylı məktəbin direktoru Şəhla Bağırova ilə əlaqə saxladıq.
O, saytımıza açıqlamasında zorakı durum olmadığını dedi:
"Uşaq hərəkətləridir. Hər şey qaydasındadır. Sadəcə, valideynlər arasında konflikt var. Mən yenə də böyükləri dəvət etmişəm. Deyirəm, gəlin övladlarımızı bir yerə yığaq, tort alaq, söhbətləşək, barışaq, olan pislikləri unudaq. Uşaq döyülüb deyə bilmərik.
Altıncı sinif şagirdləridir, uşaq təbiətinə xas davranışlardır, təbiidir. Dalaşa da bilərlər, hər bir şey ola bilər. Bəlkə də, biri o birini itələyib, digəri ona cavab qaytarıb. Yoxsa deyim ki, həqarət olub, inandırıcı olmaz. Özü də rus bölməsinin uşaqlarıdır. Rus bölməsində də özünəməxsus ailələrin uşaqları oxuyurlar. Ola bilsin ki, şıltaqdırlar, ərköyündürlər, qürurludurlar. Mənim marağım budur ki, onlar mehriban, dost olsunlar. Döyüldüyü deyilən uşaq da qayçı gətirib, digərinin saçını kəsib. Ola bilsin ki, onu bu hərəkətə təhrik edib. Bu dəqiqə aralarında heç bir narazılıq yoxdur.
Mənə elə gəlir ki, problem valideynlərdədir. Dünən digər uşağın valideyni və dayısı məktəbə gəliblər. Valideyn içəri girmək üçün çox güman, deyib ki, uşağının yanına gedir. Valideynə tam qadağa qoya bilmirik. Skolioz xəstəsi olan uşaqlar var, valideynləri çantalarını daşımağa kömək olurlar".
Direktor əlavə edib ki, bir neçə sinfin kamerası işləmir:
"Məktəbimizdə fond yoxdur. Heç bir vəsait ayrılmayıb, rəsmi müraciət də etməmişəm. Bu söhbətdən sonra şəxsi hesabıma kameraların yaddaş blokunu dəyişmişəm".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ araşdırılır, nəticəsi barədə məlumat veriləcək.
Əldə etdiyimiz məlumata görə, polis məsələ ilə bağlı araşdırma aparır.
Sumqayıt şəhəri 11 saylı məktəbdə təhsil alan 6-cı sinif şagirdinin bullinqə məruz qalması iddiası ilə bağlı məsələ araşdırılır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.
Məlumatda qeyd olunub ki, sözügedən məsələ ilə bağlı həm şagirdlərin valideynləri, həm də məktəb rəhbərliyi idarəyə dəvət olunublar:
"Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat təqdim ediləcək".
Qurumdan vurğulanıb ki, ümumi təhsil müəssisələrində nizam-intizam qaydalarına əməl edilməsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür:
"Uşaqların tərbiyəsi və tədris prosesi ilə yanaşı, sağlamlığı və təhlükəsizliyi də bizim üçün vacib şərtlərdəndir".