AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Mətbuat – 150 il: Zamanı əks etdirən güzgü

  • + A
  • - A
  • Dünən, 14:36

    Milli Mətbuat – 150 il: Zamanı əks etdirən güzgü

    İbrahim Cəfərov,
    Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
    AMEA-nın müxbir üzvü


    Bu il Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür. Bu əlamətdar tarixi gün münasibətilə bütün jurnalistləri, media nümayəndələrini, sözün gücünə inanan hər kəsi təbrik edir, yorulmaz qələmlərinə daim aydınlıq, fəaliyyətlərinə uğur arzulayıram.

    1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycanda milli mətbuatın əsası qoyuldu. “Əkinçi” yalnız bir qəzet deyildi, o, xalqın maariflənməsi, milli oyanış və ictimai fikrin formalaşması yolunda atılan böyük və cəsarətli bir addım idi. Bu gün biz fəxrlə deyə bilərik ki, milli mətbuatımız 150 illik tarixində çətin və şərəfli bir yol keçərək müstəqil medianın formalaşmasına və inkişafına nail olub.

    Ulu Öndər Heydər Əliyev milli mətbuatın inkişafını həmişə diqqət mərkəzində saxlamış, jurnalistləri cəmiyyətin aparıcı qüvvəsi kimi dəyərləndirmişdir. Prezident İlham Əliyev tərəfindən isə bu siyasət uğurla davam etdirilərək informasiya məkanında milli maraqların qorunmasına, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verilmişdir. Bu sahədə qəbul olunmuş dövlət proqramları, hüquqi bazanın təkmilləşdirilməsi və Medianın İnkişafı Agentliyinin yaradılması medianın müasir çağırışlara uyğun inkişafına zəmin yaradıb.

    Bu gün media həm də milli təhlükəsizliyin vacib dayaqlarından biridir. Mətbuat yalnız informasiya ötürmək funksiyası daşımır, həm də vətəndaş cəmiyyətinin quruculuğunda, ictimai rəydə sağlam mövqenin formalaşmasında əvəzsiz rol oynayır. Xüsusən də Vətən müharibəsi zamanı jurnalistlərimizin göstərdiyi peşəkar mövqe, informasiya cəbhəsində verdikləri mübarizə bir daha sübut etdi ki, Azərbaycan mediası dövlətinin, ordusunun və xalqının yanındadır.
    Ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.
    Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.
    Milli Mətbuat Günü – bu, yalnız peşə bayramı deyil, həm də sözə, fikrə, xalqa xidmətin təntənəsidir. Zaman keçsə də, sözün dəyəri dəyişməyib. Əsas olan onu dürüst, vicdanlı və məsuliyyətli şəkildə ifadə etməkdir.

    Bir daha bütün media ictimaiyyətini bu şərəfli gün münasibətilə təbrik edir, qələmi vicdanı ilə döyünən bütün jurnalistlərə cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR