ABŞ İsrailə onlarla yanacaqdaşıyan hərbi təyyarə göndərməyə hazırlaşır – Axios

ABŞ İsrailə onlarla yanacaqdaşıyan hərbi təyyarə göndərməyə hazırlaşır – Axios
ABŞ Prezidenti Donald Tramp administrasiyası İrana qarşı hərbi əməliyyatların genişlənməsi ehtimalı fonunda İsrailə əlavə onlarla yanacaqdaşıyan hərbi təyyarə göndərmək niyyətində olduğunu Təl-Əvivə bildirib. Bu barədə Axios nəşri amerikalı və israilli üç rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, məsələ Ağ Evin Vəziyyət Otağında keçirilən iclasdan sonra gündəmə gəlib. İclas zamanı Prezident Trampa İrana qarşı bir neçə yeni hərbi ssenari təqdim olunub. Müzakirə edilən variantlar arasında Hörmüz boğazı ətrafındakı mövcud zərbələrdən daha genişmiqyaslı əməliyyatların keçirilməsi də yer alır.
İddialara əsasən, mümkün hədəflər sırasında elektrik stansiyaları, İranın nüvə obyektlərinə yeni zərbələr və ABŞ kəşfiyyatının nüvə proqramı ilə əlaqələndirdiyi yeraltı Pickaxe Mountain obyektinə hücum da nəzərdən keçirilir.
Mənbələrin sözlərinə görə, Donald Tramp hələlik yekun qərar verməyib. Bununla belə, Ağ Ev İranı Hörmüz boğazını yenidən açmağa və Vaşinqtonun nüvə proqramı ilə bağlı tələblərini qəbul etməyə məcbur etmək üçün hərbi təzyiqin artırılması variantını qiymətləndirir. Qərarın yaxın günlərdə verilə biləcəyi bildirilir.
Axios-un məlumatına görə, ABŞ qüvvələri artıq beşinci gündür İranın cənub sahilləri və Hörmüz boğazı ətrafındakı hədəflərə zərbələr endirir. Bildirilir ki, Bəndər-Abbas şəhəri yaxınlığında SEPAH-ın logistika marşrutlarında yerləşən azı yeddi körpü vurulub.
Nəşr həmçinin yazır ki, İran ABŞ-ın İordaniya, Qətər, Bəhreyn, İraq və Küveytdəki hərbi obyektlərinə hücumları gücləndirib. SEPAH Suriyadakı ABŞ bazasına zərbə endirdiyini bəyan etsə də, Axios həmin bazanın bir neçə ay əvvəl boşaldıldığını qeyd edir.
İsrail mənbələrinin məlumatına görə, hazırda ölkədə Ben-Qurion hava limanı və cənubdakı Ramon aviabazasında ümumilikdə təxminən 60 ABŞ yanacaqdaşıyan hərbi təyyarəsi yerləşdirilib. Vaşinqton yaxın günlərdə daha bir neçə onlarla belə təyyarə göndərərək onların sayını münaqişənin əvvəlindəki səviyyəyə çatdırmağı planlaşdırır.
Mənbələrin sözlərinə görə, ABŞ hərbçiləri mümkün İran hücumlarına qarşı daha təhlükəsiz hesab etdikləri üçün əsasən Ben-Qurion hava limanından istifadə etməyə üstünlük verirlər. Bununla yanaşı, ABŞ administrasiyası əlavə təyyarələrin qəbul olunması üçün İsrail hökumətinə rəsmi müraciət edib. Bu məsələ ilə bağlı yekun qərarı Baş nazir Benyamin Netanyahu verməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.