22 iyul tarixi Azərbaycan mətbuatı üçün xüsusi önəm daşıyır. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə "Əkinçi” qəzetinin nəşrə başladığı gündür.
“Əkinçi” yalnız bir qəzet deyildi, o, maarifin, milli düşüncənin, müasir düşüncə tərzinin carçısı idi.
150 il əvvəl Həsən bəy Zərdabi demişdi: “Mən xalqı oyatmaq istəyirdim”. Bəli, Həsən bəy Zərdabi öz qələmi ilə xalqı oyatdı. Həmçinin maarifləndirdi, haqqın səsini çatdırdı. Məhz bu gün onun davamçıları cəmiyyətin problemlərini işıqlandırırlar.
Azərbaycan jurnalistinin əsas missiyası bunlardan ibarətdir: həqiqəti demək və yazmaq, haqqın yanında olmaq, haqqı müdafiə etmək, cəmiyyəti doğru məlumatlandırmaq. Axı cəmiyyət doğru xəbər gözləyir bizdən. Biz yazmasaq kim yazacaq? Biz deməsək kim deyəcək? Qələm axı bizim əlimizdədir. Əbəs yerə jurnalist demirlər bizə. Əbəs yerə jurnalist deyilik. Oxuculara doğru xəbər çatdırmaq borcumuzdur.
Bu gün jurnalistlərin peşə bayramıdır.
22 İyul Milli Mətbuat Günüdür. Bu gün qələmi ilə sözə nəfəs verənlərin, vicdanlı, zəhmətkeş yazarların bayramıdır. Bu gün öz peşəsinə sadiq qalan, öz peşəsini sevən, həqiqəti yazmaqdan çəkinməyən cəsarətli jurnalistlərin günüdür.
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir.
Bu gün jurnalistlərimiz dövlətçilik ənənələrini qoruyaraq, dövlətçilik ənənələrinə sadiq qalaraq böyük tiribunalardan öz haqq səsini ucaldırlar.
Jurnalist olmaq sadəcə xəbər yaymaq deyil, məsuliyyət, dürüstlük, peşəkarlıq tələb edən bir sənətdir. Jurnalist hər gün, hər dəqiqə peşəkarlıq, cəsarət və məsuliyyət sınağından keçir. Başqa yol yoxdur. Və bu hər bir jurnalistin öz seçimidir.
Bəli! Bu gün vicdanlı jurnalistlərin günüdür.
Bütün mətbuat nümayəndələrini təbrik edirəm. Uğurlar diləyirəm. Qələminiz iti, xəbərləriniz çox, yolunuz açıq, məlumatlarınız isə daima maraqlı olsun. Səbr və güc. Ən əsas da budur. Bayramınız mübarək olsun.
Leyla Turan.