DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev vətəndaşları çimərliklərdə təhlükəsizliyə riayət etməyə çağırıb. Onun paylaşdığı görüntülərdə polis əməkdaşının dəniz kənarına avtomobillə daxil olan sürücüyə xəbərdarlıq etdiyi əks olunur.
Elşad Hacıyev qeyd edib ki, bu cür davranış nə istirahət, nə də rahatlıqdır – bu, məsuliyyətsizlikdir:
“Dəniz sahilinə maşınla daxil olmaq istirahət edənlərin həyatına birbaşa təhlükədir. Düşünün, bu avtomobil azyaşlının oynadığı yerə daxil ola bilərdi…”
Polis rəsmisi sürücüləri məsuliyyətli olmağa və çimərlik ərazilərində nəqliyyat vasitələrindən istifadə etməməyə çağırıb. O, əlavə edib ki, sürücülük məsuliyyətdir və bir anlıq səhlənkarlıq faciəyə səbəb ola bilər.
Qeyd edək ki, yay mövsümündə ictimai təhlükəsizliyin təmin olunması və insanların maarifləndirilməsi məqsədilə polis əməkdaşları tərəfindən çimərliklərdə nəzarət və izahat tədbirləri intensivləşdirilib.
#ÇimərlikdəMaşınYasaqlıdır #PolisMaarifləndirir #HəyatVacibdir #İctimaiTəhlükəsizlik
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.