D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri 2025-ci il 24 iyul tarixində Cəlilabad rayonu Heydər Əliyev Mərkəzinin zalında keçirildi.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbirdə əsasən Cəlilabad rayon bələdiyyə nümayəndələrindən ibarət olan 18 nəfər iştirak etdi. Təlimi Cəmiyyətin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva apardılar.
Qeyd olundu ki, layihə 2 mərhələdə həyata keçirilir:
1-ci mərhələdə:
Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi (bələdiyyə fəaliyyəti qanunvericilikdə və reallıqda; bələdiyyə–əhali və bələdiyyə–sahibkar münasibətlərinin inkişafı);
Bələdiyyələrin maliyyə dayanıqlığının artırılmasına yardım göstərilməsi (2024-cü ildə Milli Məclis tərəfindən Qrantlar haqqında Qanuna edilmiş dəyişikliklər əsasında bələdiyyələrə dəstək verilməsi; layihə təkliflərinin hazırlanması, real ideyaların layihələşdirilməsi, müsabiqə və tenderlərdə iştirak).
Planlaşdırılan mövzularla bağlı iştirakçılara geniş məlumat verildi, müzakirələr aparıldı. Xüsusilə bələdiyyə–əhali və bələdiyyə–sahibkar münasibətləri mövzuları iştirakçılar tərəfindən maraqla dinlənildi və fəal şəkildə müzakirə olundu. İştirakçılara izah edildi ki, Azərbaycanda bələdiyyələr qrant ala biləcək. 2024-cü ildə Prezident İlham Əliyev bununla bağlı “Qrant haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsasları yaradılacaq və tənzimlənəcək. Bu dəyişiklik bələdiyyələrin maliyyə dayanıqlığının artırılması məqsədilə onların qrant ala bilməsinə imkan verir.
İştirakçıların fəaliyyətlərində və əhali ilə münasibətlərində narahatlıq doğuran məsələlər aşağıdakılar oldu:
Bələdiyyələrin gəlir mənbəyinin yalnız vergilərdən ibarət olması;
Sahibkarlarla əməkdaşlıq imkanlarının məhdudluğu;
Dövlət tərəfindən bələdiyyələrin nüfuzunun artırılmasına şərait yaradılmasının zəruriliyi.
Təklif olaraq bildirildi: Bələdiyyələrə kredit ayrılması faydalı olardı. İştirakçılara “Sosial xidmət haqqında” Qanun və onun 26-cı maddəsində nəzərdə tutulmuş sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasını müəyyən edən Fərman haqqında məlumat verildi. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qeydiyyat və müraciət formaları haqqında da iştirakçılara ətraflı məlumat təqdim olundu.
Eyni zamanda, layihə təkliflərinin və hesabatların hazırlanması ilə bağlı təlim keçirildi. Tədbirin sonunda iştirakçılar kiçik qruplara bölündü və hər qrupa istədikləri bir ideyanı layihələşdirmək tapşırıldı. Qrup üzvləri birgə işlədilər və hər qrupdan bir nəfər ideyanı təqdim etdi. İştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olundu.
Sonda iştirakçılara ev tapşırığı verildi: İstədikləri bir ideyanı layihə şəklində (layihə təklifi və büdcə) hazırlayaraq layihənin 2-ci mərhələsində təqdim etmələri istənildi.
Fotolar