AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İctimai nəqliyyat, yoxsa kommersiya fəaliyyəti? – İctimai Şura üzvündən narahatlıq

  • + A
  • - A
  • Bu gün, 12:56

    İctimai nəqliyyat, yoxsa kommersiya fəaliyyəti? – İctimai Şura üzvündən narahatlıq


    Azərbaycan Dəmir Yolları QSC-də sərnişindaşıma ilə bağlı qiymət artımları cəmiyyətin haqlı narazılığına səbəb olub. Məsələ ilə bağlı İctimai Şura üzvü, tanınmış İKT eksperti Osman Gündüz sosial şəbəkə hesabında maraqlı məqamları gündəmə gətirib. O bildirib ki, ötən həftə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın ADY rəhbərliyi ilə keçirilən görüşündə bu məsələlər geniş müzakirə olunub.

    Görüşdə müzakirə olunan əsas mövzular:

    ADY-də son illərdə həyata keçirilən islahatlar və modernləşmə,

    Rəqəmsal transformasiya prosesləri,

    Sərnişindaşıma qiymətləri və xidmət keyfiyyəti,

    Təhlükəsizlik siyasəti və hesabatlılıq məsələləri.

    Osman Gündüzün fikrincə, ən çox müzakirə doğuran və tərəflər arasında fikir ayrılığına səbəb olan məsələ sərnişindaşıma qiymətləri olub. Xüsusilə də Bakı-Balakən marşrutunda doluluq səviyyəsinin aşağı olması qiymət artımı ilə əlaqələndirilib.

    "Hazırda ölkədaxili istiqamətlər üzrə standart (plaskart), standart+ (kupe), biznes (SV) və birinci klass biletlərinin qiymətləri əvvəlki dövrlərlə müqayisədə 3-4 dəfə artıb. Bu isə birbaşa vətəndaşların daşınma xidmətindən istifadə imkanlarını məhdudlaşdırır", – deyə Osman Gündüz vurğulayıb.

    Müzakirələr zamanı sərnişinlərə məcburi şəkildə təqdim olunan yemək setinin də qiymətə təsiri məsələsi qaldırılıb. Osman Gündüz qeyd edir ki, yerli sərnişinlər yemək seçimini öz ixtiyarlarında görmək istəyirlər, çünki eyni məbləğə evdə daha keyfiyyətli qida qəbul etmək mümkündür. Lakin ADY rəhbərliyi bu təklifə müsbət yanaşmayıb və setin ləğvini qiymətlərin enməsi baxımından effektiv mexanizm saymayıb.

    Daha bir narahatedici məqam isə ADY rəsmilərinin dəmiryol sərnişindaşımasını artıq ictimai nəqliyyat növü kimi qəbul etməməsidir. Onlar bu yanaşmanın qanunvericilikdə əksini tapdığını bildiriblər. Osman Gündüz bu məsələnin ciddi ictimai və hüquqi müzakirəyə ehtiyac duyduğunu qeyd edir.

    “Düşünürəm ki, sərnişindaşıma qiymətlərinə yenidən baxılmalı, xüsusilə də plaskart və kupe bilet kateqoriyalarında cəmiyyətin ödəmə qabiliyyəti nəzərə alınmalıdır”, – deyə ictimai fəal fikrini yekunlaşdırıb.

    Görüş zamanı müəyyən məsələlərdə razılaşma əldə olunsa da, sərnişindaşıma ilə bağlı konkret nəticə əldə olunmayıb. Bununla belə, Osman Gündüz ADY rəhbərliyinin bu cür açıq və hesabatlı dialoqlara hazır olmasını təqdirəlayiq sayır.

    Görünən odur ki, ictimai təzyiq davam edərsə və ictimai nəqliyyat anlayışı dövlət strategiyasında prioritet kimi saxlanılarsa, gələcəkdə qiymətlərin tənzimlənməsi mümkündür. Əks halda, dəmiryolu nəqliyyatından istifadə edənlərin sayı daha da azalacaq.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR