AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pedofilə yüngül cəza olmaz! – Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin mövqeyi

  • + A
  • - A
  • Bu gün, 13:30

    Pedofilə yüngül cəza olmaz! – Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin mövqeyi


    Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyi olaraq dərin narahatlıq hissi ilə bildiririk ki, son günlər 4 yaşlı azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etmiş pedofilin az müddətə azadlıqdan məhrum edilməsi ehtimalı ciddi ictimai narazılığa səbəb olub. Bu, təkcə bir uşağın taleyinə qara kölgə salmaq deyil, həm də ədalətə olan ümumi inamı sarsıdır.

    Biz hesab edirik ki, bu cür iyrənc və insanlığa sığmayan əməllərə qarşı maksimum cəza tədbirləri tətbiq olunmalıdır. Cəmiyyətin psixoloji və mənəvi dayaqlarını sarsıdan, uşaqlıq çağını əbədi zədələyən belə cinayətlərə yüngül münasibət gələcəkdə daha ağır fəsadlara yol aça bilər.
    Unutmayaq ki, Azərbaycan Lanzarote Konvensiyasına qoşulub, öhdəliyimiz var!

    Xatırlatmaq istərdik ki, Azərbaycan Respublikası 2012-ci ildə Avropa Şurasının "Uşaqların cinsi istismarı və cinsi zorakılığa qarşı müdafiəsi haqqında" Lanzarote Konvensiyasına qoşulub. Bu mühüm sənəd dövlətləri öhdəlik altına alaraq tələb edir ki, uşaqlara qarşı cinsi zorakılıq halları cinayət məsuliyyətinə cəlb olunsun, cəzalar isə sərt, adekvat və çəkindirici xarakter daşısın.
    Konvensiyanın 27-ci maddəsinə əsasən:
    “Üzv dövlətlər uşaqlara qarşı cinsi istismar və zorakılıqla bağlı cinayətlərə görə effektiv, adekvat və çəkindirici sanksiyalar tətbiq etməlidirlər. Cəza siyasəti bu əməllərin ciddiliyini əks etdirməlidir.”

    Əgər bir şəxs cəmi 4 yaşlı körpəyə qarşı bu qədər ağır hərəkət edibsə və nəticədə cəmi 2 illik həbs cəzası veriləcəksə, bu artıq hüquqi sistemə qarşı inamsızlıq və gələcək qurbanlara qarşı etinasızlıq deməkdir.
    Susmayaq, biz sussaq, onlar susmayacaq!

    Uşaqlara qarşı zorakılıq cinayətlərində “yüngül cəza” anlayışı mövcud olmamalıdır. Bu, nə qanunla, nə əxlaqla, nə də beynəlxalq öhdəliklərlə izah edilə bilməz. Cəmiyyətin gələcəyi olan uşaqları qorumaq üçün dövlətin və cəmiyyətin üzərinə düşən vəzifə təkcə cinayətkarı tapmaqla yox, onun ədalətli və sərt şəkildə cəzalandırılmasını təmin etməklə başa çatır.

    Biz, Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyi olaraq aidiyyəti orqanlara müraciət edərək tələb edirik:

    Uşaqlara qarşı törədilən cinsi xarakterli cinayətlərə görə maksimum cəza tədbirləri tətbiq edilsin;

    Məhkəmə orqanları bu hallarda cəza müəyyən edərkən Lanzarote Konvensiyasının müddəalarını rəhbər tutsun;

    Bu kimi halların cəmiyyət üçün təhlükəliliyini nəzərə alaraq, bu sahədə cinayət siyasəti sərtləşdirilsin.

    Uşaq susur, biz danışmalıyıq!

    Hər bir uşaq zorakılıqdan azad və təhlükəsiz mühitdə yaşamaq hüququna malikdir. Bu hüququ tapdalayanlara isə cəzasızlıq yox, qanunun bütün ağırlığı ilə cavab verilməlidir.
    #AUSD İB


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR