Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təqdim edilən endirimli turpaketlərlə bağlı sosial şəbəkələrdə narazılıqlar səngimək bilmir. Bu dəfə şikayətçi Fərəh Sabirqızı putyovka qiymətləri və sistemdəki seçim imkanları ilə bağlı ciddi iradlar səsləndirib.
Onun sözlərinə görə, AHİK-in təqdim etdiyi “endirimli” qiymətlər bəzən əslində real bazar dəyərindən də yüksək olur:
“Qusar Park Hill otelinə ailəvi getmək istəyirdik. Sistem yalnız 2 nəfərlik otaq təklif etdi və qidalanma da yalnız bir dəfəlik idi. Yoldaşım müharibə veteranı olduğu üçün 85 faiz endirimlə qiymət 102 manat göstərildi. Amma eyni tarixlərə, eyni şərtlərlə Booking.com-da həmin otelə qiymət cəmi 310 manat idi. Yəni guya 680 manatdan 102 manata salınmış qiymət əslində əvvəldən şişirdilmişmiş. Bu artıq istehlakçının aldadılmasıdır”.
Fərəh Sabirqızı qeyd edir ki, sistemə veteranlıq vəsiqəsi, əlillik sənədləri, medalların şəkilləri də daxil olmaqla bütün lazımi məlumatları daxil etsə də, 3 həftəlik gözləmədən sonra yer tapılmadığı cavabını alıb:
“Yerlər ya əvvəlcədən tutulub, ya da sistem elə qurulub ki, yalnız müəyyən qruplar faydalana bilir. Əgər müharibə veteranına belə seçim düşmürsə, bəs bu endirimlər kimə və necə verilir?”
AHİK-in təqdim etdiyi putyovkaların qiymətləndirilməsi məsələsində şəffaflıq və ictimai açıqlıq məsələləri daha öncə də müzakirəyə çıxarılıb. Bir çox vətəndaş bənzər təcrübələrini sosial mediada bölüşür, bəzi hallarda isə vətəndaşlara real endirim əvəzinə "şişirdilmiş qiymət üzərindən guya güzəşt" təqdim olunduğu iddia olunur.
Mütəxəssislər nə deyir?
İstehlak bazarını müşahidə edən ekspertlər qeyd edir ki, bu cür “endirim” manipulyasiyaları tez-tez brend mağazalarda və onlayn satış platformalarında rast gəlinən bir üsuldur – əvvəlcə qiymət süni şəkildə qaldırılır, sonra üzərinə "endirim" etiketi vurularaq satılır. AHİK kimi sosial missiya daşıyan qurumlarda isə bu cür hallar daha ciddi ictimai qınağa səbəb olur.
Hazırda məsələ ilə bağlı AHİK tərəfindən hər hansı rəsmi açıqlama verilməyib. Lakin həm sosial şəbəkələrdə, həm də ictimaiyyət arasında bu kimi narazılıqların artması, şəffaflığın təmin olunması üçün təcili tədbirlərin görülməsini zəruri edir.
Mövzuya qayıdacağıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.