“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin maliyyə dəstəyi ilə “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Aztəminatlı Ailələrlə İş” layihəsi çərçivəsində 28 iyul 2025-ci il tarixində Bakı şəhərində son maarifləndirici təlim keçirildi.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin əsas məqsədi aztəminatlı və həssas qruplardan olan ailələrin hüquqi biliklərinin artırılması, sosial və psixoloji vəziyyətlərinin yaxşılaşdırılması və məşğulluq imkanlarının genişləndirilməsidir.
Təlimlərin sonuncu günü təşkil olunmuş sessiyada hüquqşünas, psixoloq və sosial işçi tərəfindən əhatəli təqdimatlar və interaktiv məşğələlər keçirilmişdir. Təlim zamanı iştirakçılara əmək hüquqları, onların pozulması hallarında müraciət ediləcək qurumlar, hüquqi müdafiə yolları barədə məlumat verilmişdir. Psixoloq və sosial işçi isə sosial və psixoloji çətinliklər, ailədaxili münasibətlərdə gərginlik və zorakılıq hallarının səbəbləri və qarşısının alınması yolları, emosional dayanıqlılığın artırılması və özgüvənin bərpası istiqamətində təlimlər keçmişdir.
Bütün sessiyalar interaktiv şəkildə keçirilmiş, iştirakçılarla birbaşa ünsiyyət qurulmuş, suallar cavablandırılmış, onların konkret problemlərinə dair fərdi məsləhətlər və dəstək göstərilmişdir. Təlimçi hüquqşünas, psixoloq və sosial işçi tərəfindən ailələrin ərizə və rəsmi müraciətlərinin hazırlanmasına, dövlət qurumlarına yönləndirilməsinə də köməklik göstərilmişdir.
Təlimlərin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış maarifləndirici kitabçalar və sertifikatlar təqdim edilmiş, tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatmışdır.
Ümumilikdə layihə çərçivəsində keçirilmiş təlimlərdə 30 nəfər aztəminatlı, işsiz və sosial həssas vəziyyətdə olan ailə üzvləri iştirak etmiş, onların bilik və bacarıqları artırılmışdır. Layihənin davamında bu cür tədbirlərin daha geniş auditoriyanı əhatə etməsi planlaşdırılır.
Layihənin icrasında dəstəyə və yaradılmış şəraitə görə Qərbi Azərbaycan İcmasının Nizami rayon üzrə nümayəndəliyinə təşəkkür edirik.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.